Bakıda I sinfə getmək üçün 35 000 uşaq müraciət edib
2018-2019-cu tədris ili üçün elektron sistem (mektebeqebul.edu.az) vasitəsilə paytaxt məktəblərinin I sinfinə qəbul üçün indiyədək 35 000-ə yaxın sorğu yerləşdirilib.
Bu barədə Trend-ə Bakı Şəhər üzrə Təhsil İdarəsinin sektor müdiri Bəşarət Məmmədov məlumat verib.
Onun sözlərinə görə, bu göstərici paytaxtdakı dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu proqnozunun təxminən 70 faizindən çoxdur.
Qeyd edək ki, Bakı şəhərində I sinfə qəbul üçün elektron sənədlərin qəbuluna fevralın 22-dən başlanılıb. Sentyabrın 15-dək davam edən qeydiyyat prosesində valideynlər məktəbi, təlim dilini və müəllimi seçməlidirlər. Hər hansı səbəbdən özü elektron qeydiyyatdan keçə bilməyən şəxslər Bakı şəhəri üzrə 52 məktəbdə yaradılmış Alternativ Qeydiyyat Mərkəzinə müraciət edə bilərlər.
Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonlarında da uşaqların I sinfə qəbulu bu il ilk dəfə olaraq, elektron qaydada aparılacaq. Bu rayon və şəhərlərdə ərizələrin onlayn qeydiyyatı prosesinə martın 12-dən start veriləcək.
Trend