Bakıda “Pediatriyada elmi irs və innovasiyalar” mövzusunda beynəlxalq konqres başlayıb
27 fevral 2026-cı il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı və Tibbi Ərazi Birliklərini İdarəetmə Birliyinin birgə təşkilatçılığı ilə “Pediatriyada elmi irs və innovasiyalar: Hibrid dünyada uşaq olmaq” mövzusunda Beynəlxalq konqres öz işinə başlayıb. Tədbir Dövlət Himninin səsləndirilməsi və Ümummilli Lider Heydər Əliyevin xatirəsinin yad olunması ilə açıq elan edilib.
Rəsmi açılışda çıxış edənlər ölkədə pediatriya sahəsinin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıblar və bu strateji xəttin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildiriblər. Plenar sessiyada yerli və xarici mütəxəssislər pediatriyanın tarixi, rəqəmsal gələcəyi, respirator infeksiyaların müalicəsi və xroniki öskürəyə dair yeni yanaşmalar barədə məruzələrlə çıxış ediblər.
Konqres işini yubileylərə həsr olunmuş seksiyalarda davam etdirib və tədbir Səhiyyə Nazirliyi tərəfindən akkreditasiya edilərək 10 DTT balı ilə qiymətləndirilib. Qeyd edək ki, beynəlxalq konqres sabah – 28 fevral tarixində də öz işini davam etdirəcək.





