Bakıda məzunlar ən çox bu iki universitetə qəbul olunub

2024-cü ildə Bakı şəhərindəki ümumtəhsil məktəblərini 28203 şagird bitirib və onların 28115 nəfəri buraxılış imtahanında iştirak edib.

Bu barədə Modern.az-ın Dövlət İmtahan Mərkəzindən (DİM) əldə etdiyi məlumatda bildirilib.

Ümumilikdə ötən il 28113 şagird attestat alıb.

Attestat alanların 77.61%-i (21819 nəfəri) I – IV qruplar üzrə  qəbul imtahanlarında iştirak edib, 92.48%-i (26000 nəfəri) isə buraxılış imtahanlarının nəticələri əsasında V qrupa daxil olan ixtisaslar üzrə müsabiqədə iştirak etmək üçün ərizə verib.

Ötənilki qəbul imtahanlarının nəticələrinə əsasən şəhərin 14225 məzunu (imtahanlarda iştirak edənlərin 54.71%-i) tələbə adını qazanıb. Onların 53.08%-i (7551 nəfəri) dövlət, 3.53%-i (502 nəfəri) özəl ali təhsil müəssisələrinə dövlət sifarişi üzrə, 31.36%-i (4461 nəfəri) dövlət, 12.03%-i (1711 nəfəri) özəl ali təhsil müəssisələrinə ödənişli əsaslarla qəbul olub.

Bakı məktəbləri üzrə məzunlarının 3073 nəfəri 500-dən, o cümlədən 964 nəfəri 600-dən yuxarı bal toplayıb.

Abituriyentlərin ən çoxu Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul olunub.

Abituriyentlərin göstəriciləri bal intervalları üzrə aşağıdakı kimi paylanıb:

0-100 intervalında 8.24% (1798 nəfər), 100-200 intervalında 23.82% (5197 nəfər), 200-300 intervalında 21.83% (4763 nəfər), 300-500 intervalında 32.03% (6988 nəfər), 500-dən yuxarı 14.08% (3073 nəfər).

Beləliklə, şəhərin abituriyentlərinin yalnız 46.11%-i 300-dən yuxarı bal toplayıb.