Bakıda maskalı şəxs məktəblini oğurlamaq istəyib?

Sabunçu rayonu, Ramana qəsəbəsində naməlum şəxs yetkinlik yaşına çatmayan oğlanı oğurlamağa cəhd edib.

Maskalı şəxsin uşağı təqib etdiyini görən çörək sexinin işçiləri dərhal hadisəyə müdaxilə edib və o, qaçaraq ərazidən uzaqlaşıb.

“Maskalı adamın uşağın arxasınca getdiyini gördük. Onun qışqırığını eşidəndə narahat olduq və dərhal çölə çıxdıq. Uşağın yanına getdikdə bədəninin titrədiyini gördük. Su verdikdən sonra özünə gəldi,” – deyə şahid Baku TV-yə hadisə barədə danışıb.

Ətraflı süjetdə:

Naməlum şəxs tərəfindən azyaşlının təqib edilməsilə bağlı yayılan görüntülər araşdırılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı polis baş leytenantı İbrahim Əmiraslanlı Oxu.Az-a açıqlamasında bildirib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə həmin şəxs – 14 yaşlı yeniyetmə müəyyən olunaraq saxlanılıb.

O qeyd edib ki, araşdırmalarla əməldə hər hansı kriminal tərkib müəyyən olunmayıb:

“Məktəbli yeniyetmələr arasında narazılığa səbəb olan halların aradan qaldırılması üzrə polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülür”.

Bakıda uşaq oğrusunun peyda olduğu iddia edilir.

Bu barədə məlumat Baku.ws-in “qaynar xətti”nə daxil olub.

Bildirilib ki, hadisə Sabunçu rayonu, Yeni Ramana qəsəbəsində, məscidin yaxınlığında qeydə alınıb.

İddialara görə, bir nəfər maskalı şəxs küçədə oynayan uşağı qaçırmağa cəhd göstərib. Lakin ətrafdakıların müdaxiləsindən sonra hadisənin qarşısı alınıb.

Şikayətçi bildirir ki, zərərçəkmiş uşağın ailəsi polisə məlumat verib.

Məsələ barədə Daxili İşlər Nazirliyinə (DİN) müraciət etdik.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis baş leytenantı İbrahim Əmiraslanlı açıqlamasında bildirib ki, vətəndaş K.Seyidov polisə müraciət edərək ötən gün yetkinlik yaşına çatmayan övladının Sabunçu rayonu Ramana qəsəbəsi ərazisində naməlum şəxs tərəfindən təqib edildiyini bildirib.

Məsələ ilə bağlı ərazi üzrə Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsində araşdırmalara başlanılıb. Məsələ ilə bağlı əlavə məlumat veriləcək.