Bakıda IV Beynəlxalq Bariatrik-Metabolik Cərrahiyyə Konfransı keçirilir
Aprelin 20-də Bakıda Azərbaycan-Türkiyə IV Beynəlxalq Bariatrik-Metabolik Cərrahiyyə Konfransı öz işinə başlayıb. Tədbir Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında keçirilir. İki gün davam edəcək konfrans Türkiyə Bariatrik Cərrahlar Dərnəyi və Azərbaycan Bariatrik və Metabolik Cərrahlar Assosiasiyasının birgə təşəbbüsü ilə baş tutub.
AZƏRTAC xəbər verir ki, tədbirdə dünyanın yeddi ölkəsindən olan 14 alimin məruzələri dinləniləcək.
Konfransda çıxış edən klinikanın direktoru, professor Surxay Hadıyev tədbirin əhəmiyyətini vurğulayıb. Bildirilib ki, hazırda cəmiyyətdə ən aktual problemlərdən biri də piylənmədir. Bu problemin ölkəmizdə yayılmasınının qarşısını almaq, o cümlədən sağlam qidalanma, piylənməyə yol açan amillərlə mübarizədə əhalinin maarifləndirilməsi baxımından bu cür tədbirlərin keçirilməsi çox vacibdir.
Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasının əməkdaşı, Azərbaycan Bariatrik və Metabolik Cərrahlar Assosiasiyasının sədri, laparoskopik-bariatrik cərrah Taryel Ömərov konfrans barəsində jurnalistlərə məlumat verib: “Konfrans artıq beşinci ildir ki, Azərbaycanda keçirilir. Birinci il milli konfransımız olub, bu isə keçirdiyimiz dördüncü bariatrik-metabolik konfrasdır. Tədbir təbabətin ən müasir nailiyyətlərindən biri olan metabolik cərrahiyyəyə həsr olunub. Tədbiri keçirməkdə əsas məqsədimiz dünyada aparılan əməliyyatların və tibb yeniliklərin Azərbaycanda da tətbiq edilməsinə dair ən müasir protokollarla həkim və tələbələrimizi tanış etməkdir. Belə ki, bu konfransda dünyanın müxtəlif dövlətindən gəlmiş professorlar bizimlə öz təcrübələri ilə bölüşəcəklərlər. Konfrans beynəlxalq olduğu üçün burada dünyanın səkkiz ölkəsindən gəlmiş 100-ə yaxın iştirakçı var. Bu da bizim üçün çox sevindirici haldır. Onu da qeyd edim ki, konfransımız Səhiyyə Nazirliyi tərəfindən 22 davamedici təhsil balı ilə akkreditasiya olunub və Dünya Bariatrik-Metabolik Cərrahlar Assosiasiyası tərəfindən ilk dəfə olaraq akkreditasiyadan keçərək rəsmi beynəlxalq status alıb”.
Konfrans mövzuya dair müzakirələrlə davam etdirilir.
Konfransda piylənmə cərrahiyyəsi, metabolik (II tip diabet) cərrahiyyə, metabolik xəstəliklər zamanı endokrinoloji müalicə və diyetoloji üsullar müzakirə olunacaq.