Bakıda xanım pediatr məhəllə sakinləri ilə birlikdə qulduru mühasirəyə alaraq tutdu
Hədəfi yalnız qadınlar olub, kişiləri soymaq ağlının ucundan belə keçməyib. Günün günorta çağı, hamının gözü qarşısında qurbanlarına hücum çəkib, onları soymağa imkan tapıb. Nə münasib yer seçib, nə də havanın qaralmasını gözləyib. Bəzilərinə “bağışlayın, buna ehtiyacım var” deməklə özünü “sığortalamağı”da unutmayıb…
Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda ittiham olunan Qazaxıstan Respublikası vətəndaşı, 33 yaşlı Alı Tağıyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Virtualaz.org-un xəbərinə görə, Alı Tağıyev ilk cinayətə ötən il mayın 30-da Yeni Yasamalda “imza atıb”. İlk qurbanı Fidan Süleymanova olub. Qadının boynundakı qızıl boyunbağını dartıb qoparan A.Tağıyev əldə etdiyi mənfəəti elə həmin gün “əridə” bilib. Bir-birinin ardınca Nailə Məmmədova, Aynur Əvəzova, Ülviyyə Məmmədova, Dilarə Qəniyeva və Ülkər Rəhimova da eyni üsulla qarət ediliblər.
Təqsirləndirilən Alı Tağıyev ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. O, ifadəsində adını sonradan bildiyi Fidan Süleymanovanın boynundakı boyunbağı və medalyonun diqqətini cəlb etdiyini göstərib: “Həmin qadının “Qismət” şadlıq evinin qarşısında tək getdiyini görüb yaxınlaşdım. Boynundakı boyunbağını medalyonla birgə qoparıb qaçdım. “İnşaatçılar” metrosunun yaxınlığında tanımadığım bir nəfərə 200 manata satdım. Pulu şəxsi ehtiyaclarıma xərclədim”.
İlk cinayəti “uğurla” başa vuran Alı Tağıyev iki gün sonra təkrar “ova” çıxıb. Bu dəfə Ayna Sultanovanın heykəli ilə “Karl Marks dairəsi” arasındakı keçidin girişində gözü Nailə Məmmədovanın boyunbağısına sataşıb. Eskalatorla piyada keçidinə qalxıb, ətrafda başqa şəxslər olmasına baxmayaraq, arxadan yaxınlaşaraq qadını keçidin şüşəli divarına sıxışdıraraq yerə yıxıb, müqavimət göstərməsinə baxmayaraq, boyunbağını qopara bilib. Əldə etdiyi qəniməti “28 May” metro stansiyasının yaxınlığında tanımadığı şəxsə “təcili pula ehtiyacım var, boyunbağı ailə üzvlərimə məxsusdur” deməklə sata bilib.
Qadınları gözdən-könüldən iraq, səssiz-səmirsiz talamağın ən asan yol olduğunu zənn edən Alı Tağıyev bu dəfə daha irəli gedib. O, növbəti qurbanını nəinki soyub, onu bıçaqla vuracağı ilə hədələyib: “Səhər saatları idi. “20 Yanvar” metro stansiyasının çıxışında bir qadının metrodan çıxıb şəhər istiqamətinə tərəf getdiyini görüb onun arxasınca düşdüm. Ətrafda kimsə olmadığı üçün qəfil ona yaxınlaşaraq boyunbağını qırdım. Aynur adlı qadına dedim ki, buna çox ehtiyacım var, səsini çıxarma, qışqırsan səni vuraram. Həmin boyunbağını 40 manata sata bildim”.
Soyğuna məruz qalanlardan biri də Qızılgül Mustafayeva və onun qohumu Ülviyyə Məmmədova olub. Binanın giriş qapısının şifrəsini yığıb bloka daxil olan qadınlar arxada bir nəfərin dayandığını görsələr də, əhəmiyyət verməyiblər: “Arxamızca bloka daxil oldu. Başında idman papağı vardı. Yuxarıdakı mənzillərdə təmir gedirdi deyə elə bildim ki, orada işləyənlərdəndir. Liftin qapısı açılanda bizimlə birgə qəfil içəri girdi. Sonra üzünü mənə tutaraq “bibi, məni bağışla, vəziyyətim elə də yaxşı deyil” deyib, boyunbağımı qırdı. Bıçağı Ülviyyəyə sarı tutdu, qorxub qışqırdıq. Liftin düyməsini basdım. Qapı açılan kimi həmin adam yerə yıxıldı. Sonra tez qaçıb binadan çıxdı. Boyunbağım qırılsa da, paltarıma ilişib qalmışdı, apara bilməmişdi. Bizə xəsarət yetirməyib, şikayətçi deyilik”.
Paytaxtdakı uşaq poliklinikalarından birində həkim işləyən Ülkər Rəhimova səhər saatlarında işə yollanarkən “Star” mağazasının qarşısında Alı Tağıyevin hücumuna məruz qalıb. A.Tağıyev qəflətən pediatra yaxınlaşaraq əli ilə boyunbağını və kulonu qoparıb, tez-tələsik içəri məhəlləyə keçib. Ü.Rəhimova qışqıraraq onun arxasınca qaçıb. Məhəllədəkilər də qadına qoşularaq Alını tutmaq istəyiblər. İçəri məhəllədə Alı gözdən itərək binaların birində gizlənib: “Onun harada gizləndiyini dəqiq bilmədik. Tanımadığım adamlarla məhəllədə bir qədər gözlədik. Binadan çıxıb bir neçə addım getdikdən sonra qaçmağa başladı. Papağını çıxartmasına, paltarlarını dəyişməsinə baxmayaraq tanıya bildim. Məhəllə sakinləri ilə birgə onu mühasirəyə alıb yaxaladıq. Yalvarıb üzür istədi, boyunbağını da, kulonu da qaytardı. Al Tağiyevə qarşı şikayətim və tələbim yoxdur”.
Məhkəmənin hökmü ilə Alı Tağıyev cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il müddətinə azadlıqdan məhrum edilib.
İnarə Rafiqqızı
Virtualaz.org