Bakıda donor adı ilə pul alıb əməliyyatı etməyən şəxs barədə məhkəmə işi
Bakıda maraqlı bir məhkəmə işi baş verib. Tanışının dializ xəstəsi olan həyat yoldaşına böyrəyini verəcəyini bildirən şəxs bu məqsədlə qarşı tərəfdən xeyli miqdarda pul alıb, lakin əməliyyat baş tutmayıb.
Teleqraf.com-un məlumatına görə, hadisədə zərərçəkən kimi Eldar Əhmədov, təqsirləndirilən şəxs kimi isə Nadir Behbudov (ad-soyadlar şərtidir) çıxış edib.
1977-ci il təvəllüdlü Nadir Behbudov tanışı Eldar Əhmədovun həyat yoldaşının dializ xəstəsi olduğunu öyrəndikdən sonra, öz böyrəyini təmənnasız şəkildə verməyə hazır olduğunu bildirib. Lakin daha sonra Səhiyyə Nazirliyinin Etika Komissiyası əməliyyata mənfi rəy verib, nəticədə transplantasiya baş tutmayıb.
Nərimanov Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ittihamları qəbul etməyib: “Könüllü donor olmaq istəmişdim, pul istəməmişəm. Sadəcə, əməliyyat baş tutmadı. Böyrəyimi verməyi notariat qaydasında da təsdiqləmişdim. Aldığım pulları şəxsi ehtiyaclarıma xərcləmişəm.”
Zərərçəkən Eldar Əhmədov isə əksini deyib: “Nadir müxtəlif bəhanələrlə məndən pul istədi. Ümumilikdə ona 17 109 manat verdim. Lakin sonradan Səhiyyə Nazirliyində izahat yazaraq böyrəyini verməkdən imtina etdi və pullarımı qaytarmadı.”