Bakıda Azərbaycan Nevrologiya Həftəsi keçirilir

Bakı, 17 dekabr, AZƏRTAC

Bakıda Azərbaycan Milli Nevroloqlar Assosiasiyasının təşkilatçılığı ilə Azərbaycan Nevrologiya Həftəsi keçirilir.

AZƏRTAC xəbər verir ki, həftə çərçivəsində I Azərbaycan Uşaq Nevroloqları Konfransı, VII Azərbaycan Nevroloqları Konfransı, Türkdilli ölkələrin IV Beynəlxalq Nevrologiya Konqresi və “EPNS” tədris kurslarının keçirilməsi nəzərdə tutulub.

Gənc mütəxəssislər üçün Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda, akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzində, Uşaq Nevroloji Xəstəxanasında və akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında keçirilən təlim kurslarında ölkəmizin aparıcı mütəxəssisləri “İnsult baş verdikdə nə etməliyəm?”, “Neyrooftalmologiya”,“Genetik xəstəliklərin müasir molekulyar-genetik diaqnostika üsulları”, “Klinik elektroensefaloqrafiyanın təməl aspektləri”, “Müasir elektromioqrafiyanın sinir xəstəliklərinin diaqnostikasında əhəmiyyəti” mövzularını dinləyicilərə izah edərək qarşıya çıxan problemlərin həlli yollarını göstəriblər.

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun nevrologiya və klinik neyrofiziologiya kafedrasının müdiri, Azərbaycan Milli Nevroloqlar Assosiasiyasının sədri, professor Rəna Şirəliyevanın rəhbərliyi ilə kafedra əməkdaşları kursların aparılmasında fəal iştirak edirlər. Kurslara 100-ə yaxın gənc mütəxəssis cəlb olunub.

Nevrologiya Həftəsi dekabrın 20-dək davam edəcək.