“Bakı Ürək Günləri” VI Beynəlxalq Konqresi keçiriləcək

Bakı, 25 aprel, AZƏRTAC

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti (AÜDCC) iyunun 7-9-da ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Bakı Ürək Günləri” VI Beynəlxalq Konqresini təşkil edəcək.

AÜDCC-dən AZƏRTAC-a verilən məlumata görə, konqresin keçirilməsində əsas məqsəd Azərbaycanda kardiologiyanın və ürək-damar cərrahiyyəsinin inkişafına töhfə vermək, əcnəbi mütəxəssislərlə birgə fikir mübadiləsi aparmaq və tibb elminin bu sahədəki son yeniliklərini müzakirə etməkdir. “Bakı Ürək Günləri” VI Beynəlxalq Konqresində 400-ə yaxın yerli və əcnəbi kardioloq və kardiocərrahın iştirakı ilə ürək-damar xəstəlikləri və onların müalicəsindəki ən aktual məsələlər müzakirə ediləcək.

Bundan başqa “Bakı Ürək Günləri” VI Beynəlxalq Konqresi ilə birgə Avrasiya Ürək və Damar Cərrahları Cəmiyyətinin XV Konfransı da təşkil olunacaq.

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, professor Kamran Musayev bildirib ki, əvvəlki konqreslərdə olduğu kimi, bu dəfə də Azərbaycandan və xarici ölkələrdən iştirakçılar www.bakuheartdays.az saytında elektron qeydiyyatdan keçə, eyni zamanda məqalə və tezislərini elektron formada göndərə bilər.

Gənc mütəxəssislər üçün təşkil ediləcək təcrübə məşğələləri “Bakı Ürək Günləri”nin elmi-praktik əhəmiyyətini daha da yüksəldəcək. Eyni zamanda, konqres azərbaycanlı həkimlərə dünyanın ən qabaqcıl mütəxəssisləri ilə kardioloji elmlərdəki ən son nailiyyətləri müzakirə etmək imkanı yaradacaq. Avrasiya Ürək və Damar Cərrahları Cəmiyyəti ilə əməkdaşlıq çərçivəsində bu təşkilatın XV Konfransı da Bakıda keçiriləcək.

Professor Kamran Musayev onu da bildirib ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurasının iclasında “Bakı Ürək Günləri” VI Beynəlxalq Konqresi Davamlı Tibbi Təhsil verən tədbir kimi tanınıb və konqresə 24 kredit balı verilib. Bu o deməkdir ki, konqresdə və müvafiq kurslarda iştirak etməklə illik tələb olunan 48 kredit balının 24-nü toplamaq olar.

Xatırladaq ki, AÜDCC 2009-cu ildən etibarən hər iki ildən bir “Bakı Ürək Günləri” Beynəlxalq Konqresini təşkil edir.