Bakı məktəbində rus bölməsində riyaziyyat fənni niyə azərbaycanca keçilir? - RƏSMİ CAVAB

Bakıda 138 nömrəli orta məktəbin rus bölməsində müəllim çatışmazlığı valideynlərin narazılığına səbəb olub.

Bununla bağlı Oxu.Az-a şikayət daxil olub.

Bildirilib ki, rus bölməsində oxuyan V, VI, VII siniflərdə riyaziyyat fənnini rus dilində tədris edəcək müəllim yoxdur.

“Uşaqlar rus bölməsində oxuduqları halda riyaziyyat fənnini onlara Azərbaycan dilində tədris edirlər. Uşaqlar isə riyazi terminləri təbii ki, anlaya bilmirlər. Səbəb kimi isə rus dilində riyaziyyat müəlliminin olmadığı göstərilir. Bu problemi necə həll etmək olar?”, – deyə şikayətdə bildirilir.

Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) bildirilib ki, 138 nömrəli tam orta ümumtəhsil məktəbi tərəfindən cari dərs ili üçün 10 fənn üzrə vakansiya təqdim edilib.

“Müəllimlərin işə qəbulu müsabiqəsi vasitəsilə səkkiz vakant yer müəllimlə təmin edilib. Digər iki fənn üzrə tutulmayan vakansiyaların da müəllimlə təmin edilməsi üçün müvafiq tədbirlər görülməkdədir”, – deyə məlumatda bildirilir.

Məlumatda qeyd edilib ki, hələlik boş qalan iki vakant yer də rus bölməsində riyaziyyat fənni üzrədir.

Əzizə İsmayılova