Bağlanan bağça ilə bağlı cinayət işi başlandı
“Ölkə.Az”ın xəbərinə görə, adı çəkilən bağçada uşaqlara qarşı kobud rəftar, təhqir və işgəncə faktlarının əks olunduğu videogörüntülərlə bağlı Yasamal RPİ-də cinayət məclləsinin 133.2.1 (Əzab vermə; iki və ya daha çox şəxsə qarşı törədildikdə) və 133.2.4-cü (əzab vermə; təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddələri ilə cinayət işi başlanıb. Hələlik saxlanılan şəxs yoxdur.
Xatırladaq ki, bağça artıq fəaliyyət göstərmir.
“Bu gün bağçaya uşaq gəlməyib. Fəaliyyətimizi dayandırmışıq. Valideynlərə də məlumat verilib. Hazırda bağçada yalnız işçilər var. Sənədləşmə işləri aparılır. Videoda olan müəllimə artıq işdən çıxarılıb”, – deyə bağçadan bildirilib.
Tərbiyəçi bildirib ki, valideynlərin qalan pulları ödəniləcək: “Hazırda təhvil-təslim işləri aparılır. Hansı uşağın vaxtı bitməyibsə, onun valideyninə pulu qaytarılacaq”.
Bağçanın müdirəsi Nigar Müseyibova isə açıqlama vermək istəməyib və bağçaya daxil olmağımıza icazə verməyib.
Dünən Yasamal rayon icra başçısı da “Kids Studio Uşaq Mərkəzi”ndə olub və vəziyyətlə maraqlanıb.
Onu da qeyd edək ki, Bakı şəhər İcra Hakimiyyəti və Təhsil Nazirliyindən bildirilib ki, adları çəkilən qurumlar tərəfindən “Kids Studio Uşaq Mərkəzi”nə lisenziya verilməyib.
Ölkə.Az