Bağırsaq bakteriyası diaqnozu qoyulan uşaqlarda gələcəkdə piylənmə riski azdır
Bakı, 26 may, AZƏRTAC
Fransada aparılan araşdırma bağırsaq bakteriyası diaqnozu qoyulan uşaqlarda gələcəkdə piylənmə riskinin az olduğunu aşkar edib.
AZƏRTAC “The Guardian” qəzetinə istinadla bildirir ki, Parisin Sorbon Universitetinin professoru Qael Toubonun rəhbərlik etdiyi tədqiqat bağırsaq bakteriyası olan uşaqların sonrakı yaşlarında artıq çəki probleminin yaranmadığını göstərib.
Fransada doğulan və tədqiqata daxil edilən 18 min uşaqdan 512-nin nəticələri Avropa Piylənmə üzrə Konqresə (ECO) təqdim edilib. Tədqiqatda 2 yaşdan 5 yaşa qədər olan iştirakçıların bədən kütləsi indeksləri araşdırılıb. Uşaqların bədən kütləsi indeksi və piylənmə ilə birbaşa əlaqəli olan iki növ bağırsaq bakteriyası (Firmicutes və Bacteroides) arasında müsbət korrelyasiya aşkar edilib. Nəticələr göstərib ki, bir insanda nə qədər çox bakterioit varsa, onların piylənmə ehtimalı bir o qədər az olur.
Tədqiqat müəllifi Qael Toubo bağırsaq bakteriyalarının çəkiyə təsiri barəsində danışıb: “Bacteroides bakteriyası ilə müqayisədə Firmicutes bakteriyası olan uşaqların kökəlmə ehtimalı daha yüksəkdir. Tədqiqat təkcə bağırsaqda yarana biləcək bakteriyaları deyil, eyni zamanda həmin bakteriyaların bədəndəki fəaliyyətini göstərir. Lakin bəzi bakteriya növləri orqanizm üçün olduqca təhlükəli ola bilər. Bu səbəbdən özünüzdə iştahasızlıq, ürəkbulanma, bağırsaq problemləri müşahidə edirsinizsə, mütəxəssisə müraciət edin”.