Bağça rəhbəri: “Tərbiyəçi üç ay uşağı qucağında yatızdırıb, indi niyə şikayət edirlər?” - YENİLƏNİB + VİDEO
Xətai rayonu ərazisində yerləşən “Ayşənim” uşaq bağçası orada uşağa yemək yedizdirən zaman tərbiyəçinin kobudluq etməsi ilə bağlı yayılan görüntülərə aydınlıq gətirib.
Bağçanın rəhbəri Gülşən Əsədova Oxu.Az-a açıqlamasında bildirib ki, tərbiyəçi Pərvanə xanım azyaşlıya qarşı kobudluq etmək niyyətində olmayıb:
“Həmin uşaqda autizm (erkən yaş dövründə başlayan, sosial münasibətlər və ünsiyyət sferasında problemlərin olması ilə özünü göstərən ümumi inkişaf problemidir – red.) xəstəliyi var. Psixoloq da deyir ki, belə uşaqlar nəyəsə reaksiya verməyəndə ehmalca toxunuş edin. Pərvanə xanım da onun əlinə kobud yox, ehmalca vurur. Həmin tərbiyəçi iki ildir, bizimlə çalışır, amma ümumi dörd illik təcrübəsi var. Valideyn uşağını başqa bağçanı bəyənmədiyi üçün bizə gətirib. Azyaşlı o qədər qorxa-qorxa gəlirdi ki, Pərvanə xanım üç ay onun şəxsi müəllimi olub, qucağında yatızdırıb. Niyə indi ondan narazılıq edilir ki?”
G.Əsədova qeyd edib ki, valideyn ondan tərbiyəçini işdən çıxarmağı tələb edir:
“Mən də “bayram tədbirimiz var, bitsin, iclas edib, məsələni araşdıraraq”, – dedim. O bunu gözləməyib, görüntüləri yayıb. Tərbiyəçi ilə bağlı yekun qərar da iclasda veriləcək”.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Oxu.Az-a açıqlamasında bildirib ki, məsələ barədə araşdırma aparılır:
“Əlavə məlumat veriləcək”.
https://oxu.az/society/707793