Bağça müəllimləri tibbi müayinədən keçəcəklər
Nazirlər Kabineti “Məktəbəqədər təhsil sahəsində təhsilverənlərin tibbi müayinədən keçməsi Qaydası”nı təsdiq edib.
AZƏRTAC xəbər verir ki, Qaydaya əsasən təhsilverənlərlə əmək müqaviləsi bağlanılarkən onların yaşadığı ərazi üzrə ambulator və ya stasionar tibbi xidmət göstərən müəssisədən sağlamlıq haqqında arayışın təqdim olunması vacibdir. Mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq, bütün məktəbəqədər təhsil müəssisələrində çalışanlar ildə bir dəfə dövlət hesabına tibb müəssisələrində müayinədən keçirlər.
Dövri tibbi müayinələr təhsilverənlərin sağlamlıq vəziyyətinin müəyyən edilməsi, xəstəliklərin, o cümlədən peşə xəstəliklərinin erkən aşkarlanması və qarşısının alınması, işçinin sağlamlıq vəziyyətinə görə əmək fəaliyyətini davam etdirə bilməməsinin müəyyən edilməsi, işçilərin sağlamlığının qorunması və bərpası məqsədi ilə vaxtında profilaktik və reabilitasiya tədbirlərinin həyata keçirilməsi, infeksion və parazitar xəstəliklərin yayılmasının qarşısının alınması, təhsilalanların sağlamlığının qorunması məqsədilə həyata keçirilir.
Komissiyadan keçəndən sonra sağlamlığı barədə tibbi rəy müayinədən keçənin iş yerinə göndərilir, həmçinin “Vətəndaşların Elektron Sağlamlıq Kartı Sistemi”nə daxil edilir.
İşəgötürənlər hər il dekabrın 1-dən gec olmayaraq, dövri tibbi müayinələrdən keçməli olan təhsilverənlərin siyahısını təsdiq etməlidirlər.