B 12 vitamini çatışmazlığı yaddaş zəifliyinə səbəb ola bilər
Bakı, 11 mart, AZƏRTAC
Yaddaş zəifliyi və unutqanlıqdan gileylənənlər, əziyyət çəkənlər çoxdur. Stres, depressiya və digər səbəblər yaddaş zəifliyi yaradan səbəblərdir. Yaddaş beyinin ən mühüm funksiyalarından biridir.
AZƏRTAC xəbər verir ki, həkim-terapevt Zakir Quliyev deyib: “Uşaq vaxtları və yetkinlik çağlarında da yaddaş zəifliyi müşahidə edilir. Araşdırmalar göstərir ki, onun altında bir çox xəstəliklər yatır. Məsələn, B 12 vitamini çatışmazlığı ciddi yaddaş zəifliyinə aparıb çıxara bilər, hətta kəskin B 12 vitamini çatışmazlığı yaddaşın tamamilə itməsinə səbəb olur. Qalxanabənzər vəzinin zəif işləməsi, buna el arasında “tənbəl zob” deyilir – yaddaş zəifliyi ilə nəticələnir. Bunu təbii yollarla yüksəltməyin ən yaxşı yolu qırmızı ətdən istifadə olunmasıdır. Bundan başqa dəniz məhsullarının tərkibində də B 12 vitamini çox olur. Bəzi insanlarda mədə problemi olanda istənilən qədər B 12 vitamini ilə zəngin qidalar yesələr də, orqanizmdə onun miqdarı yüksəlmir. Ona görə belə hallarda onu preparatlarla orqanizmə yeritmək məcburiyyəti yaranır”.
Yaddaş biliklərin, məlumatların, informasiyaların toplanması və lazım olduqda ondan istifadə etməyə xidmət edir. Lakin həmin ardıcıllığın pozulması artıq narahat olmağa zəmin yaradır. Həmin hal dərinləşdikdə bir çox psixoloji hallara aparıb çıxara bilir.
“Yaddaş zəifliyinin birbaşa yaşla əlaqəsi yoxdur. Yaş ötdükcə koqnitiv, əqli funksiyaların tədricən zəifləməsi büruzə verə bilər. Lakin bu, o demək deyil ki, çox ciddi şəkildə geri dönməyən yaddaş pozuntularıdır. Qocalma ilə bağlı yaddaş pozuntusu proqressivləşmirsə, eyni dərəcədə qalırsa, sadəcə yüngül formada, davranış dəyişikliyinə səbəb olmursa, ciddi şəkildə həyat keyfiyyətini pozmursa, buna yaşlaşma ilə balı yaddaş pozuntusu deyə bilərik. Amma çox ciddi fəsadlar verirsə, həyat keyfiyyətini pozursa, patoloji hal sayılır”,- deyə həkim-nevropatoloq Mərziyyə Məmmədova bildirib.
Onu da qeyd edək ki, yaddaşsızlıq gündəlik həyatımızda bir çox xoşagəlməz hadisələrlə üzləşdirə bilər.