Azyaşlılarda rast gəlinən allergik xəstəliklər zamanı diqqətli olmaq lazımdır
Bakı, 29 iyul, Aytac Haqverdiyeva, AZƏRTAC
Statistikaya görə, dünya əhalisinin 25 faizində müxtəlif allergik reaksiya və bununla bağlı yaranan xəstəliklər var. Xüsusən azyaşlılarda rast gəlinən allergik xəstəliklər zamanı diqqətli olmaq lazımdır. Belə problemlər ciddi fəsadlar yarada və ya hər hansı digər bir xəstəliyin carçısı ola bilər.
Evlərin təmizlənməsi zamanı tozsoranların su ilə işləməsi allergenləri xeyli dərəcədə azalda bilər
AZƏRTAC mütəxəssislərin təhlili əsasında allergiya problemi, onun yaranma səbəbləri və xəstəliklə mübarizə yolları barədə araşdırma aparıb. Həkim-pediatr Hafizə Məmmədova mövzu ilə bağlı deyib: “Allergiyadan uzaq olmaq üçün ilkin şərtlərdən biri maksimal dərəcədə qarışıq qidalardan istifadə etməməkdir. Allergik qabiliyyəti yüksək olan maddələrdən, yatarkən allergik təsir göstərən yorğan-döşəkdən uzaq olmaq lazımdır. Ev heyvanlarının, xüsusilə pişiklərin ifrazatı allergiya yaradır. Evlərin təmizlənməsi zamanı tozsoranların su ilə işləməsi allergenləri xeyli dərəcədə azalda bilər”.
Həkim-pediatrın sözlərinə görə, uşaqlarda allergiya xəstəliyinin əsas əlamətləri burun tutulması, nəfəs almanın çətinləşməsi, asqırmaların artması, gözdə qaşınma kimi hallardır. Eyni zamanda, xəstəliyin uşaqlarda psixoloji təsirləri də olur.
Dəri Zöhrəvi Dispanserinin baş həkimi Yusif Cabbarlı bildirib ki, orqanizmdə yaranan müxtəlif xəstəliklər, həmçinin qidalanmanın düzgün olmaması dəridə səpgilərə və qaşınmalara səbəb ola bilir. Baş həkim davamlı formada allergik xarakterli sitrus meyvələrindən, alkoqollu içkilərdən, acı, istiotlu qidalardan istifadə edənləri xüsusilə diqqətli olmağa çağırıb: “Çünki orqanizm həmin qidanı qəbul etməyə bilər ki, bu da müxtəlif dəri xəstəliklərinə gətirib çıxarır. Eyni zamanda, qəbizlik, mədə-bağırsaq sistemindəki pozulmalar, bağırsaq qurdlarının qana buraxdığı toksinlər səbəbindən dəridə qaşınma və səpgilər meydana gəlir. Son dövrlər geniş yayılmış problemlərdən biri də göbələk xəstəlikləridir ki, bunlar əsasən, dırnaqların və barmaqların arasında müşahidə edilir. Bu xəstəliklər insan bədənində səpgi və qaşıntılara, daha sonra orqanizmdə ciddi fəsadlara gətirib çıxara bilər”.
Y.Cabbarlı dəridə yaranan səpgi və qaşınmaların təkcə orqanizmdə gedən hər hansı xəstəliklər fonunda deyil, eyni zamanda, xarici qıcıqlandırıcı faktorlar səbəbindən də əmələ gəldiyini vurğulayıb: “Orqanizm daxilində yaranan xəstəliklər, peşəyönümlü problemlər, qidalanmanın düzgün olmaması və digər səbəblərdən dəridə səpgilərə və qaşınmalara rast gəlinir. Məsələn, avtomobil ustaları hansısa kimyəvi, təmizləyici maddələrlə, tikinti sahəsində çalışan ustalar sement və digər qarışıqlarla işləyərkən dəridə müxtəlif formada mənfi təsirlər formalaşır. Bununla yanaşı, mütəmadi olaraq manikür-pedikür edən qadınlar davamlı formada qoruyucu əlcək, aseton kimi xüsusi kimyəvi maddələrdən, eyni zamanda, yuyucu vasitələrdən istifadə etdikdə diqqətli olmalıdır. Çünki bu, onlarda müxtəlif dəri xəstəliklərinə səbəb olur”.
Əl və ayaqlarda olan səpgilərin irsi xarakter də daşıdığını deyən baş həkim, həmçinin qeyd edib ki, mütəmadi olaraq rast gəlinən bu hallar son dövrlərdə artıb: “Bununla yanaşı, ekzema kimi dəri xəstəlikləri var ki, bunlar müxtəlif simptomlarla müşahidə edilir. Bu isə həm daxildə gedən xəstəliklər fonunda, həm də xarici qıcıqlandırıcı faktorlar səbəbindən yarana bilər. Müalicə prosesinə başlamazdan əvvəl həmin şəxsdən bunun səbəbləri dəqiq öyrənilməli, lazım gələrsə, aidiyyəti analizlər verilməli, həmçinin yaxmalar götürülərək araşdırılmalıdır. Daha sonra etimoloji müalicə aparıla bilər”.
Erkən yaşlı uşaqlarda allergiya özünü dəridə və həzm yollarında göstərir
Allerqoloq Tahirə Pənahova isə allergenlərin orqanizmə dəri vasitəsilə, tənəffüs və qida yolları ilə daxil olduğunu deyib: “Ümumiyyətlə, istər uşaqlarda, istərsə də böyüklərdə allergiya ola bilər. Bu xəstəliyə müxtəlif yaş qruplarındakı insanlarda rast gəlmək olar. Erkən yaşlı uşaqlarda isə əsas əlamətlər özünü dəridə və həzm yollarında göstərir. Ana qidalanmasına fikir vermədikdə, konservləşdirilmiş məhsullardan, qatqılardan istifadə etdiyi zaman uşaqlarda allergiya dəridə üzə çıxır. Yeni doğulmuş uşaqlarda dəri allergiyası ilə rastlaşırıq ki, bu da allergik diatezdir. Uşaq doğulandan iki həftə sonra dəridə səpkilər, baş dərisində qabıq qoymalar başlaya bilər. Bu zaman uşaqda qaşınma olur, yuxu rejimi pozulur, iştaha azalır”.
Allergiyanın sadəcə qaşınma kimi özünü göstərmədiyini bildirən allerqoloq uşaqlarda bu halın bəzən qusma, qarında ağrı, ishal formasında büruzə verdiyini qeyd edib: “Bəzi həkimlər bu prosesi iltihabı ishal kimi qiymətləndirir. Lakin əsas səbəb allergiyadır. Bir çox xarici ölkələrdə buna allergik enterokolit və ya allergik kolit də deyilir. Bu, allergiyanın çox geniş yayılmış formasıdır. Əsas səbəbi də ananın yediyi qidanın tərkibi ilə bağlıdır.
Mütəxəssislərin fikrinə əsasən qeyd edək ki, allergiyadan qorunmaq üçün qidalanmaya diqqət yetirməli, evdəki xalçalar, aromatizatorlar, ətirlər və digər kimyəvi yuyucu vasitələrdən istifadə edərkən diqqətli olmalıyıq. Allergik xəstəliklərə hər bir yaş qrupunda rast gəlinir. Son vaxtlar isə bu xəstəlik daha çox yeni doğulan uşaqlarda müşahidə olunur. Allergiyanın davamlı proses olduğunu nəzərə alsaq, bu halda düzgün profilaktik tədbirlərin görülməsi vacibdir. Övladlarınızda və ya özünüzdə belə bir hal müşahidə etdikdə vaxtında həkim-allerqoloqa, mütəxəssisə müraciət etməyiniz tövsiyə olunur. Allergiyanın səbəbinin vaxtında tapılması, düzgün müalicə və müayinənin aparılması xəstələrin tez bir zamanda sağalmasına kömək edir. Nəticədə uzunmüddətli yaxşılaşma halı müşahidə olunur.