Azərbaycanlılar Almaniyaya dərman aparılması və gətirilməsi ilə bağlı nələri bilməlidir?
Almaniyada dərman vasitələri haqqında qüvvədə olan qanunla ölkə vətəndaşlarının sağlamlığı ciddi şəkildə qorunur. Bu səbəbdən fiziki şəxslərə ölkəyə yerli lisenziyası olmayan medikamentlərin gətirilməsi və poçtla göndərilməsi qadağandır.
AZƏRTAC xəbər verir ki, qanunun bu müddəaları digər ölkələrdə açıq satışda olan dərmanlara, xüsusilə yüksək dozalı vitaminlər, bəzi qida əlavələri və homeopatiya vasitələrinə, melatonin tərkibli maddələrə də aiddir.
Lakin Almaniya gömrüyünün internet səhifəsində göstərildiyi kimi, bu ölkədə satılmayan dərmanları həkim resepti və yerli əczaxanaların zəruri medikament sifarişi ilə xaricdən gətirmək mümkündür.
Almaniyaya giriş zamanı gömrük orqanları səyahətçilərə istehsal yerindən asılı olmayaraq dərman gətirilməsinə icazə verir. Amma gömrükçülər gətirilən dərmanların miqdarına diqqət yetirirlər. Turistlərə AFR-də qalacağı müddətdə – ən çox 3 ay ərzində zəruri dərman preparatları keçirməyə icazə verilir.
Bundan başqa, saxta və dopinq məqsədilə istifadə edilən preparatların istənilən miqdarda Almaniyaya gətirilməsi qadağandır. Tərkibində morfin olan preparatlarla bağlı isə xüsusi qaydalar mövcuddur. Onları həkim resepti ilə məhdud miqdarda Şengen zonası ölkələrinə, o cümlədən Almaniyaya gətirmək və çıxarmaq olar.
Reseptlə və azad satışda alman əczaxanalarından alınmış hər hansı dərmanı isə istənilən miqdarda ölkədən çıxarmaq mümkündür. Əgər Aİ ölkələrindən olmayan turist əlavə dəyər vergisini geri almaq üçün “tax free” qəbzini rəsmiləşdirməyi unudarsa, gömrüyün aid olduğu Almaniya xəzinədarlığı buna ancaq sevinər. Bununla belə, öz həkiminin göstərişi olmasına rəğmən, Almaniyada reseptlə dərman almaq turistlər üçün o qədər də asan deyil. Almaniyada əczaxanalar çox vaxt Avropa İttifaqının hüdudlarından kənarda yazılmış reseptləri qəbul etmirlər.
Əczaxanaların birində vəziyyətdən çıxış yolu kimi Almaniyada praktika keçən və aralarında rusdillilər də olan həkimlərdən birinə müraciət edərək, onlardan alman blanklarında resept yazmağı xahiş etməyi məsləhət biliblər.
Almaniyaya gələnlərin əksəriyyəti keyfiyyətli geyim, ayaqqabı, ikinci əl avtomobil və qab-qacaq alır. Dərmanlara, o cümlədən Almaniya istehsalı olan preparatlara gəldikdə, onları Aİ-nin digər ölkələrində daha asan şərtlərlə və daha münasib qiymətə almaq olar.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin