Azərbaycanlı pediatr Beynəlxalq Pediatriya Assosiasiyasının Daimi Komitəsinə üzv seçilib

Bakı, 6 mart, AZƏRTAC

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Erkin Rəhimov Hindistanın Qandinaqar şəhərində keçirilən 30-cu Beynəlxalq Pediatriya Assosiasiyasının (IPA) konqresində iştirak edib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, beynəlxalq konqresdə Azərbaycan Pediatriya Cəmiyyəti IPA-nın üzvlüyünə qəbul olunub. Eyni zamanda, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Beynəlxalq Pediatriya Assosiasiyasının ən ali idarəetmə orqanı olan Daimi Komitəyə (Standing Committee) Mərkəzi Asiya regionun təmsilçisi olaraq üzv seçilib.

Qeyd edilib ki, 1910-cu ildə yaradılan Beynəlxalq Pediatriya Assosiasiyasının tərkibinə 149 ölkədən olan 164 pediatrik peşə cəmiyyəti daxildir.