Azərbaycanlı həkimə ABŞ-da yüksək vəzifə verilib
Bakı, 2 avqust, AZƏRTAC
Azərbaycan əsilli həkim, tibb elmləri doktoru Rauf Şahbazov Nyu-York ştatında yerləşən Albany Tibb Mərkəzinin yeni yaradılan transplantalogiya cərrahiyyəsi şöbəsinin rəhbəri təyin olunub.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, avqustun 2-dən vəzifəsinin icrasına başlayacaq həmyerlimiz, eyni zamanda, cərrahiyyə şöbəsindəki Nil Lempert kafedrasına da rəhbərlik edəcək.
Bu vəzifələrə təyin olunana qədər Rauf Şahbazov Nyu-York ştatının Sirakyus şəhərindəki UPSTATE Tibb Universitetində fəaliyyət göstərib. Həmyerlimiz canlı donordan böyrək nəqli proqramının direktoru, mədəaltı vəzi nəqli proqramının cərrahi direktoru və robotik cərrahiyyə proqramının direktoru vəzifələrində çalışıb.
Rauf Şahbazovun hədəfi transplantasiya və hərtərəfli qayğıya əlçatanlıq imkanları baxımından proqramın güclü tərəflərini, həmçinin təhsil və tədqiqat missiyalarını genişləndirməkdir.
Soydaşımız Azərbaycan Tibb Universitetinin məzunudur. MD, PHD, MRCS Ed, FEBS, qaraciyər, böyrək, mədəaltı vəz transplantasiyası, hepatobiliar cərrahiyyə üzrə mütəxəssisdir.
Bakıdakı 5 nömrəli kliniki şəhər xəstəxanasında, Səudiyyə Ərəbistanının əl-Taif şəhərindəki Kral Feysəl xəstəxanasında cərrah işləyib. Türkiyədə və ABŞ-ın Virciniya Universitetində cərrah-transplantoloq kimi çalışıb, Avropa və Amerikanın müxtəlif klinikalarında uzunmüddətli təlimlər keçib. 2012-ci ildə Amerika Cərrahlar Cəmiyyəti tərəfindən ABŞ-a dəvət alıb.
Amerika Cərrahlar Kolleci, Amerika Cərrah-Transplantoloqlar Cəmiyyəti və Amerika Tibb Assosiasiyası da daxil olmaqla çoxsaylı peşəkar cəmiyyətlərin üzvüdür. 2017-ci ildə Azərbaycan-Amerika Tibb Assosiasiyasını yaradaraq, ictimai fəaliyyətə başlayıb.
Elmi jurnallarda onlarla məqalənin müəllifi və ya həmmüəllifidir. “Transplant Cərrahiyyə” kitabında canlı donorun qaraciyər transplantasiyasına dair fəslin müəllifidir. Doğma dilimizdən başqa, ingilis, rus, türk dillərində sərbəst danışır və ərəb dilini bilir.
Qeyd edək ki, R.Şahbazov Dünya Azərbaycanlıların Şuşada keçirilən V (Zəfər) Qurultayının iştirakçısı olub.