Azərbaycanlı alimlərin uşaq tənəffüs xəstəlikləri ilə bağlı araşdırması İstanbul konqresində təqdim olundu
09–11 oktyabr 2025-ci il tarixlərində Türkiyənin İstanbul şəhərində keçirilən “Uşaq Döş Qəfəsi Xəstəlikləri üzrə 9-cu Beynəlxalq Konqres”də Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrasının dosenti Məleykə Kərimova və Sumqayıt Tibb Mərkəzinin 1 nömrəli Ailə Sağlamlıq Mərkəzinin ailə həkimi-pediatrı Xədicə Mollayeva birgə tədqiqat işi ilə çıxış ediblər.
Onların “Xışıltılı uşaqlarda fürsətçi infeksiyaların rolu, törədicilərin tezliyi və atopi ilə əlaqəsi” mövzusunda təqdim etdikləri araşdırmada tez-tez xəstələnən uşaqlarda fürsətçi (oportunistik) infeksiyaların rolu, onların tənəffüs sistemi xəstəliklərinə və allergik meylliyə təsiri araşdırılıb.
Tədqiqatın nəticələrinə görə, yüksək İgE səviyyəsi və API-nin (Astım Prediktiv İndeks) pozitiv olması, fürsətçi infeksiyalara yoluxan uşaqlarda gələcəkdə astma və allergik xəstəliklərin yaranma riskini artırır. Xüsusilə Chlamydia, Mycoplasma və Cytomegalovirus kimi patogenlərin uşaq orqanizmində tənəffüs yollarının iltihabına və “xışıltılı tənəffüs sindromu”nun (Wheezing syndrome) yaranmasına səbəb ola biləcəyi müəyyən edilib.
Məruzədə vurğulanıb ki, bu cür infeksiyaların vaxtında aşkarlanması və müalicəsi uşaqlarda xroniki tənəffüs problemlərinin və allergik xəstəliklərin qarşısının alınmasında mühüm rol oynayır.