Azərbaycanın tibb ictimaiyyətinə itki üz vermişdir

Azərbaycanın tibb ictimaiyyətinə itki üz vermişdir. Belə ki, Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası və tibbi terminologiya kafedrasının professoru, əməkdar elm xadimi, tibb elmləri doktoru Rafiq Əşrəf oğlu Əsgərov vəfat etmişdir.
Professor Rafiq Əşrəf oğlu Əsgərov 1933-cü il may ayının 11-də Bakı şəhərində ziyalı ailəsində anadan olub və orta təhsilini Bakıda yerləşən 6 №-li məktəbdə alıb. 1951-ci ildə məktəbi bitirdikdən sonra Azərbaycan Tibb İnstitutunun (ATİ) Müalicə-profilaktika fakültəsinə daxil olub. Tələbəlik illərindən Normal anatomiya kafedrasında laborant, bir il sonra baş laborant vəzifəsində çalışıb.
1957-ci ildə ali məktəbi fərqlənmə diplomu ilə bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun Normal anatomiya kafedrasında aspiranturaya daxil olan R.Ə.Əsgərov bundan sonra assistent, dosent, professor vəzifələrinə qədər şərəfli yol keçmiş, namizədlik və doktorluq dissertasiyalarını uğurla müdafiə etmiş, morfologiya elmində öz sözünü inamla söyləmişdir. Onun zəngin elmi fəaliyyətinin istiqamətini nəfəs borusu və baş bronxların, eləcə də ağciyərlərin innervasiyası ilə əlaqədar azan sinirin nəqledici aparatının morfo-funksional, yaş və fərdi xüsusiyyətlərinin, mielogenez və mieloarxitektonikasının tədqiqi təşkil etmişdir. Ümumiyyətlə, öz zəngin elmi-pedaqoji fəaliyyəti dövründə professor R.Ə.Əsgərov 200-dən çox elmi əsər, monoqrafiya, dərslik və dərs vəsaitləri, metodiki göstərişlər çap etdirmişdir. Gənclik illərindən milli anatomiya məktəbinin banisi professor K.Ə.Balakişiyevin tövsiyəsi ilə çalışmağa başladığı Anatomiya muzeyi professorun əsərlərində ayrıca bir xətt təşkil edir. Muzey haqqında kitablar, eləcə də onlarla elmi-kütləvi məqalələr anatomiyanı gənclər üçün maraqlı etməyə yönəlmişdir.
Professor R.Ə.Əsgərov dəfələrlə Azərbaycan elmini müxtəlif mötəbər tədbirlərdə – Ümumittifaq Anatom, Histoloq və Embrioloqlar Elmi Cəmiyyətinin VIII-XI qurultay və simpoziumlarının, Cənubi Qafqaz Ölkələri Morfoloqlarının I-V konfranslarının və digər elmi forumlarda yüksək səviyyədə təmsil etmişdir. Onun maraqlı mühazirələri, zəngin təcrübəsi bir neçə nəsil Azərbaycan həkimlərinin yetişib ərsəyə çatmasında ümdə rol oynamışdır.
1969-cu ildə Azərbaycan Tibb İnstitutunda yeni yaradılan hazırlıq şöbəsinin müdiri, 1985-1990-cı illərdə ATİ-nin Operativ cərrahlıq və topoqrafik anatomiya kafedrasının müdiri vəzifəsində çalışan professor R.Ə.Əsgərov 1988-1993-cü illərdə Azərbaycan Tibb Universitetinin elmi işlər üzrə prorektoru vəzifəsini yüksək peşəkarlıqla yerinə yetirmişdir. Professor R.Ə.Əsgərov 1990-1995-ci illərdə İnsan anatomiyası kafedrasının müdiri vəzifəsinə seçilmişdir. 1995-ci ildən kafedranın professoru, 2017-ci ildən isə məsləhətçi-professoru vəzifəsində uğurla çalışan qocaman alim 10-dan artıq namizədlik və doktorluq dissertasiyalarının rəhbəri olmuşdur. Professor R.Ə.Əsgərov uzun illər ATU-nun nəzdində fəaliyyət göstərən Dissertasiya şurası sədrinin müavini vəzifəsini yerinə yetirmişdir. Bütün çalışdığı vəzifələrdə yüksək məsuliyyət və peşəkarlıq göstərən professor 2008-2016-cı illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Ekspert Şurasının üzvü olmuşdur. Əməkdar elm xadimi, professor R.Ə.Əsgərovun fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir.
O, 2000-ci ildə – ATU-nun 70 illik yubileyi ərəfəsində “Tərəqqi” medalına, 2007-ci ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür. Görkəmli alim “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” medalı ilə təltif olunmuşdur.
Əməkdar elm xadimi, professor R.Ə.Əsgərovun əziz xatirəsi onun həmkarlarının və tələbələrinin yaddaşında əbədi yaşayacaqdır.