Azərbaycanın oftalmologiya elmi dünyanın aparıcı ölkələrinin elmləri sırasındadır

Azərbaycanın oftalmologiya elmi dünyanın aparıcı ölkələrinin elmləri sırasındadır.

Trend-in məlumatına görə, bunu Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü Elmar Qasımov AMEA-nın ümumi yığıncağı və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin kollegiyasının “İnsan sağlamlığı Azərbaycan cəmiyyətinin inkişafının əsasıdır” mövzusuna həsr olunmuş birgə elmi sessiyasında çıxış edərkən deyib.

“Azərbaycanda çox rast gəlinən oftalmoloji patologiyaların yayılması və tibbi-sosial əhəmiyyəti”adlı məruzə ilə çıxış edən E.Qasımov qeyd edib ki, Azərbaycanda oftalmologiya təkcə paytaxt Bakıda deyil, regionlarda da yüksək səviyyədə inkişaf edib.

E.Qasımov bildirib ki, respublikada oftalmoloji yardım səviyyəsi getdikcə yüksəlir, müasir diaqnostik və müalicəvi texnologiyalar və avadanlıqlar geniş tətbiq edilir.
Mərkəzin direktoru rəhbərlik etdiyi qurumun regionlardakı filiallarının fəaliyyətindən də danışıb. O, səyyar klinika vasitəslə minlərlə müayinə, müalicə və cərrahi əməliyyatlar aparıldığnı qeyd edib. Xatırladaq ki, Elmar Qasımov “Azərbaycanda qlaukomanın erkən diaqnostikasının və müalicəsinin təşkili” proqramına görə akademik Arkadiy Nesterov adına Fəxri medalla təltif olunub.

 

Trend