"Azərbaycanda vərəmlə mübarizə” mövzusunda dinləmələr keçirilib
Yanvarın 30-da Milli Məclisin səhiyyə komitəsinin təşkilatçılığı ilə “Qlobal çağırışlar və öhdəliklər: Azərbaycanda vərəmlə mübarizə” mövzusunda ictimai dinləmələr keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə vərəmlə mübarizədə görülən işlərlə və qarşıda duran vəzifələrlə bağlı müzakirələr aparılıb.
Komitənin sədri Əhliman Əmiraslanov deyib ki, vərəm xəstəliyi müalicə olunmadıqda əlillik və ölümlə nəticələndiyi üçün bir sosial bəla kimi həm dövlətin, həm də bütövlükdə cəmiyyətin problemi hesab olunur.
Dünya Səhiyyə Təşkilatının statistik məlumatına əsasən, dünyada il ərzində 9 milyondan artıq insan bu xəstəliyə tutulur və 1,8 milyon insan həmin xəstəlikdən vəfat edir. Bu səbəbdən vərəm problemi dünya səhiyyə sisteminin qlobal problemi olaraq cəmiyyətin sağlam inkişafına təhlükə yaradır. Müalicə olunmayan bir vərəm xəstəsi bir ildə 10-15 insanda bu xəstəliyin yaranmasına səbəb olur. Hesablamalara görə, 2015-ci ildə dünyada 10,4 milyon insan vərəm xəstəliyinə tutulub. Onlardan 5,9 milyonu kişi, 3,5 milyonu qadın, 1 milyonu uşaq olub. Vərəm dünya üzrə 10 ən çox yayılmış ölüm halları siyahısındadır. Vərəm İİV və malyariyadan daha çox ölümə səbəb olub. 2015-ci ildə dünyada 1 milyon uşaq vərəm xəstəliyinə yoluxub, 210 min uşaq vərəmdən həyatını dəyişib. Vərəm dünyanın bütün bölgələrində yayılıb, lakin ölüm hallarının çoxu Asiyanın və Afrikanın payına düşür. Dünyada 2000-2015-ci illər ərzində 49 milyon insan vərəmdən müalicə alıb və onların həyatı xilas edilib. Lakin aşkarlanma və müalicə sahəsində hələ də xeyli problemlər mövcuddur. Azərbaycanda isə son beş ildə xəstəliyə yoluxmanın dinamikasında müsbət dəyişikliklər – azalma müşahidə olunur. Penitensiar sistemdə 1993-cü illə müqayisədə ölüm halları 105 dəfə azalıb. Son illərdə dünya üzrə vərəm epidemiyasının stabilləşməsi meyilləri müşahidə edilməkdədir.
Komitə sədri Azərbaycanda vərəmlə mübarizə sahəsində görülən işlər, qəbul edilən sənədlər barədə də məlumat verib.
Sonra iclasda “Sanitariya-epidemioloji salamatlıq haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsinə baxılıb.
Deputatlar qanun layihəsi haqqında fikir və təkliflərini səsləndiriblər.