Azərbaycanda vərəmin ən çox yayıldığı bölgələr açıqlanıb

Bakı. Çingiz Səfərli – Trend:

Azərbaycanda vərəmə ən çox yoluxma qeydə alınan bölgələr açıqlanıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova məlumat verib.

O bildirib ki, vərəmə yoluxanların əksəriyyəti Bakı və Abşeron sakinləridir:

“Lakin əhalinin 100 min nəfərinə olan vərəmlə xəstənmə göstəricisi 2020-ci il üzrə Bərdə, Siyəzən, Xaçmaz, Göyçay, Quba, Kürdəmir, Şabran, Yevlax və digər rayonlarda daha yüksək olub”.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə, 2020-ci ildə 1,5 milyon insan vərəmdan dünyasını dəyişib. Proqnozlara görə, 2021-2022-ci illərdə bu xəstəliyə tutulanların sayı daha da artacaq. Hazırda dünyada 4,1 milyon insan vərəmdən əziyyət çəkir. Bu rəqəm 2019-cu illə müqayisədə 2,9 milyon nəfər çoxdur. Təşkilatın açıqlamalarına əsasən vərəmlə mübarizəyə ayrılan qlobal xərclər 5,8 milyard dollardan 5,3 milyard dollara qədər azalıb. Bu da 2022-ci ilə qədər qarşıya qoyulan 13 milyard dollarlıq qlobal hədəfin yarısından da azdır.

Xatırladaq ki, Azərbaycanda Nazirlər Kabinetinin qərarı ilə 2011-2015 və 2016-2020-ci illərdə vərəmlə mübarizə üzrə tədbirlər planı icra edilib.

Twitter: @cingizsafarli