Azərbaycanda vərəm xəstələrinin sayı ildən-ilə azalır

Bakı, 29 mart, AZƏRTAC

Ölkəmizdə 6,8 mindən çox vərəm xəstəsi var. 2018-ci ildə 3,7 min nəfər ilkin olaraq vərəmlə xəstələnib, onlardan 84 faizi uğurlu müalicə olunub. Hər 100 min nəfər xəstədən 4,5 nəfəri isə vəfat edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Vərəm əleyhinə QHT koalisiyasının martın 29-da Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunmuş tədbirində məlumat verilib.

Tədbirdə çıxış edən Vərəm əleyhinə QHT koalisiyasının sədri Elçin Muxtarlı son illər xəstəliklə mübarizə sahəsində görülən işlər barədə məlumat verib. Onun dediyinə görə, 2011-2018-ci illərdə 737 vərəm xəstəsi layihədən bəhrələnib. Qeyd olunub ki, qlobal vərəm epidemiyasına son qoyulması üçün həyata keçirilən tədbirlər nəticəsində xəstəlikdən ölüm faizi ildən-ilə azalır.

Səhiyyə Nazirliyinin nümayəndəsi Nailə Əliyeva, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun şöbə müdiri Sevinc Tağıyeva, Ədliyyə Nazirliyi Tibb İdarəsinin vərəm üzrə baş inspektoru Famil Məmmədov, Azərbaycan Qızıl Aypara Cəmiyyəti icraçı katibinin müavini Səbinə Məhbubi-İran çıxış edərək vərəmin erkən aşkarlanması, xəstəlik sahəsində epidemioloji vəziyyət, həyata keçirilən layihələr və əldə olunan uğurlar, aparılan mübarizə tədbirləri barədə danışıblar. Tədbirdə çıxış edənlər xəstəliklə mübarizə aparmaq üçün təkliflər irəli sürüblər.

Koalisiya tərəfindən hazırlanmış “Qışın isti nəfəsi” sosial bədii filmi, həmçinin Ftuziatrlar və Pulmonoqlar İctimai Birliyinin hazırladığı maarifləndirici videoçarxlar nümayiş olunub.