Azərbaycanda uşaqlar arasında yeni virus yayılıb?

Son günlər uşaqlar arasında qızdırma, işləmə və qusma ilə əlaqədar pediatrlara müraciətlər artıb. Pediatrlar isə bunu uşaqlar arasında yeni virusun yayılması ilə əlaqələndirirlər.

K.Fəracova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, ölkənin baş pediatrı Nəsib Quliyev AzVision.az-a açıqlamasında bildirib ki, mədə-bağırsaq pozuntularının 75 faizi qida mənşəli olur, 18 faizi infeksiya mənşəlidir. Həmçinin bakteriya, virus, göbələk, ibtidailər də ola bilər.

Baş pediatr qeyd edib ki, bu, yay mövsümü üçün xarakterik haldır: “Yay mövsümündə istər uşaqlar, istər böyüklər arasında rast gəlinən mövsümü xəstəliklər var. Bunlar istivurma, günvurma, mədə-bağırsaq pozuntusudur. Heç kim konkret deyə bilmir ki, bu, virus mənşəlidir. Amma epidemiya, qrup şəklində xəstələnmə müşahidə edilmir. Bizim xəstəxanada 25 çarpayılıq mədə-bağırsaq şöbəsində indi cəmi 5 nəfər var”.

N.Quliyev vurğulayıb ki, uşaqlara qarşı yay mövsümündə diqqətli olmaq lazımdır: “Deyilən xəstəliklərin baş verməməsi üçün böyüklər qabaqlayıcı tədbirlər görsünlər. Uşaqlara yaşına uyğun olmayan, köhnə, allergiya törədə bilən qidalar verməsinlər. Təbiətin imkanlarından, dəniz, qum, yaşıllıqdan, təzə qidalar, meyvə və tərəvəzdən istifadə edib uşaqların orqanizmini möhkəmləndirmək lazımdır. Lakin nə zamanki qoruyucu rejim tətbiq olunmur, valideynlər, uşaqları əhatə edən insanlar onları qoruya bilmirlərsə, xeyir əvəzinə zərərli çıxır və uşaq xəstələnir”.

Aytən Zəhra
AzVision.az