Azərbaycanda sağlamlıq turizminin inkişafı ilə bağlı fəaliyyət planının layihəsi hazırlanıb

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2018-2020-ci illər üçün “Sağlamlıq turizminin inkişafına dair Fəaliyyət planı”nın layihəsi hazırlanıb.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, bunu sağlamlıq turizminin inkişaf etdirilməsinə həsr olunmuş iclasda nazir Əbülfəs Qarayev deyib.

Ölkəmizdə digər turizm növləri kimi, sağlamlıq turizminin də böyük potensialının olduğunu bildirən nazir qeyd edib ki, bu turizm növünün inkişaf etdirilməsinə Strateji Yol Xəritəsində də xüsusi yer ayrılıb.

Ə.Qarayev bildirib ki, Azərbaycanda sağlamlıq turizminin, xüsusi ilə Naftalan nefti ilə müalicə üsullarının zəngin ənənələri var: “Hazırda ölkəmizdə sağlamlıq turizmi yeni inkişaf dövrünü yaşayır. Naftalanda, Qalaaltıda, Qəbələdə, Naxçıvanda və Lənkəranda yeni infrastruktur yaradılıb. Bu istiqamətdə fəaliyyət, eyni zamanda Xızı-Xaçmaz, Quba və Qusar rayonları ərazisində turizm rekreasiya zonalarının yaradılması istiqamətində işlər davam etdirilir”.

Nazir həmin turizm mərkəzlərində göstərilən xidmətlərin keyfiyyət və kəmiyyətinin artırılmasının vacibliyini qeyd edib. Bildirib ki, yaxın şəhər və rayonlara ekskursiyaların təşkili, turistlərin asudə vaxtının səmərəli keçirilməsi də xüsusi önəm daşıyır: “Bu, turizm müəssisələrinə əlavə gəlir gətirməklə yanaşı, həm də ölkəmizin mədəniyyətinin və tarixi məkanlarının təbliğinə xidmət etmiş olacaq”.

Qalaaltı, Naftalan və Duzdağda yenidənqurma işlərindən danışan nazir əlavə edib ki, Naftalan neftinin beynəlxalq sertifikatlaşdırmadan keçməsi prosesinin sürətləndirilməsi istiqamətində müvafiq tədbirlər görülür. Eləcə də Qalaaltı və Duzdağ üzrə müvafiq beynəlxalq sertifikatların əldə olunması istiqamətində işlər həyata keçirilir. Beynəlxalq sertifikatlar ölkənin bu sahədə imkanlarının daha geniş miqyasda tanınmasına və xaricdən turist axınına təkan verəcək.

 

Trend