Azərbaycanda müasir uşaq reanimasiya şöbələrinin yaradılması müzakirə edilib
Bakı, 16 fevral, AZƏRTAC
Səhiyyə Nazirliyində ölkəmizdə səfərdə olan tanınmış neyrocərrah, İsrailin Soroka Universiteti Tibb Mərkəzinin Neyrocərrahiyyə şöbəsinin direktoru Mikki Gideonla görüş keçirilib.
AZƏRTAC Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla bildirir ki, bütün sahələrdə olduğu kimi, səhiyyə və tibb elmi sahəsində də əməkdaşlığın nümunəvi olduğunu deyən nazir Teymur Musayev İsraili yüksək səviyyəli təhsil və səhiyyə sisteminə malik ölkələrdən biri adlandırıb: “Ölkələrimizdə səhiyyənin nəzdində olan yüksək texnologiya – virusologiya, mikrobiologiya və səhiyyənin digər sahələrində əməkdaşlıqdan və qarşılıqlı fəaliyyətindən məmnunuq. Bundan əlavə, Azərbaycan Tibb Universiteti İsrailin Ben Gurion Universiteti və Soroka Tibb Mərkəzi ilə fəal əməkdaşlıq edir”,- deyib.
Doktor Gideonun karyerası ərzində bir sıra unikal əməliyyatların həyata keçirdiyini vurğulayan nazir qeyd edib ki, onlardan bəziləri neyrocərrahiyyə sahəsində innovativdir. İsrailli qonağın 2021-ci ilin oktyabrında Heydər Əliyev Fondunun dəvəti ilə Bakıya səfərini xatırladıb.
Sonda Azərbaycan səhiyyə naziri müştərək elmi-tədqiqat işlərinin aparılmasının vacibliyini vurğulayıb.
Səmimi qarşılanmaya görə minnətdarlığını bildirən doktor Mikki Gideon təmsil etdiyi tibb mərkəzinin Azərbaycan Səhiyyə Nazirliyi ilə əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb. Diqqətə çatdırılıb ki, Soroka klinikası İsrailin ən böyük müalicə-diaqnostika mərkəzlərindən biridir: “Tibbi mərkəzin müasir avadanlıqları xəstəliklərə ən erkən mərhələdə diaqnoz qoymağa imkan verir ki, bu da öz növbəsində daha dəqiq və effektiv müalicəyə kömək edir”.
Sonda doktor Gideon pediatriya, eləcə də səhiyyənin digər sahələrində multidisiplinar yanaşmanın təmin edilməsi üçün hər cür köməklik göstərməyə hazır olduğunu bildirib.
Görüş zamanı pediatriya, eləcə də digər ixtisaslar üzrə tərəfdaşlığın gücləndirilməsi, Azərbaycanda müasir uşaq reanimasiya şöbələrinin yaradılması, İsraildə azərbaycanlı həkimlər üçün təqaüd proqramları müzakirə olunub. Eyni zamanda, gələcəkdə Azərbaycanın bölgələrində Tədris Simulyasiya Mərkəzinin yaradılması, Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Pediatriya İnstitutu ilə Soroka Tibb Mərkəzinin əməkdaşlığın qurulması və inkişaf etdirilməsi və pediatriya sahəsində davamlı təhsilin gücləndirilməsi və səhiyyədə rəqəmsallaşma perspektivləri müzakirə edilib.