Azərbaycanda iki həkim həbs edilib

Baxış
82

APA xəbər verir ki, əlillik dərəcələrinin təyin edilməsi üçün külli miqdarda rüşvət tələb etməkdə və almaqda ittiham olunan Könül Əliyeva və İltizam Əzimov barəsində cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Məlumata görə, iş Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Esmira Məmmədovanın sədrliyi ilə araşdırılıb. Məhkəmədə təqsirləndirilən şəxslərin anket məlumatları yoxlanılıb, onlara hüquq və vəzifələri izah edilib.

Prokuror əvvəl seçilmiş qətimkan tədbirinin dəyişdirilərək hər iki şəxsin həbs olunmasını tələb edib. Məhkəmə vəsatəti təmin edib və Könül Əliyeva ilə İltizam Əzimov barəsində həbs qətimkan tədbiri seçilərək saxlanılıblar.

İstintaq materiallarına əsasən, Könül Əliyeva Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Həkim Məsləhət Komissiyasının sədri olduğu dövrdə İltizam Əzimovun köməyi ilə vətəndaşlara qanunsuz olaraq əlillik dərəcələrinin verilməsi üçün saxta məlumatların elektron sistemə daxil edilməsi müqabilində təkrarən rüşvət alıb və vəzifə səlahiyyətlərindən sui-istifadə edib. Nəticədə dövlət büdcəsinə maddi ziyan vurulduğu bildirilir.

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərindən sui-istifadə, təkrar rüşvətalma və vəzifə saxtakarlığı maddələri ilə ittiham irəli sürülüb. Cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Növbəti məhkəmə iclası 18 fevral tarixinə təyin edilib.

Rəyi cavablandırın
İmtina et
Şərhlər (0)
İlk rəyi siz bildirin