Azərbaycanda hər on min nəfər uşağa 13 həkim - pediatr düşür - RƏSMİ

Azərbaycanda uşaqlar hansı xəstəliklərdən əziyyət çəkir?

2024-cü ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda 3544 pediatr həkim fəaliyyət göstərir. Bu, Dövlət Statistika Komitəsinin “Azərbaycanda uşaqlar” məcmuəsində əks olunub. Qeyd edilib ki, 18 yaşınadək uşaqların hər on min nəfərinə 13 həkim – pediatr düşür. Xəstəxanalarda uşaqlar üçün 4 271 nəfərlik çarpayı fondu var. Ölkədə 11 uşaq sanatoriyası fəaliyyət göstərir.

Qeyd edək ki, 2016-cı ildə 18 yaşınadək uşaqların hər on min nəfərinə 15 həkim-pediatr düşüb.

Bugünlər isə uşaqlar üçün çətin keçir. UNICEF-in yeni təhlilinə görə, hər 5 uşaqdan biri və ya 466 milyon uşaq hər il, cəmi 60 il əvvəlkindən 2 dəfə çox ifrat isti günlərin müşahidə olunduğu ərazilərdə yaşayır.

Təhlil çərçivəsində 1960-cı illərlə 2020-2024-cü illərin orta göstəricilərinin müqayisəsi dünyada yarım milyard uşaq üçün bu cür ifrat isti günlərin (35 dərəcə Selsidən yuxarı temperatur göstəriciləri) artma sürəti və miqyası barədə ciddi xəbərdarlıq verir. Bu uşaqların çoxu isə bu şəraitə dözmək üçün lazımi infrastruktur və xidmətlərdən məhrumdur.

“İndi ən isti yay günləri normal qəbul edilir”, – deyə UNİCEF-in icraçı direktoru Ketrin Rassell bildirib.  O əlavə edib: “İfrat temperatur göstəriciləri artır və bu, uşaqların sağlamlığını, rifahını və gündəlik rejimlərini pozur.”

Təhlil həmçinin ölkə səviyyəli məlumatları araşdıraraq müəyyən edib ki, 16 ölkədə uşaqlar indi 60 il əvvələ nisbətən bir aydan çox əlavə ifrat isti günlərə məruz qalırlar. Məsələn, bu onillikdə Cənubi Sudanda uşaqlar illik orta hesabla 165 ifrat isti günlərlə üzləşirlər, 1960-cı illərdə isə bu göstərici 110 gün idi. Paraqvayda isə bu rəqəm 36 gündən 71 günə yüksəlib.

Təhlilə görə, qlobal miqyasda, ən çox sayda ifrat isti günlərə və ən böyük dövri artımlara məruzqalma ilə Qərbi və Mərkəzi Afrikadakı uşaqlar üzləşirlər. Bu regionda 123 milyon uşaq və ya uşaqların 39 faizi indi ilin üçdə birindən çoxunu, yəni ən azı 95 gününü 35 dərəcə Selsi temperaturdan yuxarı şəraitdə keçirir. Bu rəqəm Malidə 212 günə, Nigerdə 202 günə, Seneqalda 198 günə və Sudanda 195 günə çatır. Latın Amerikası və Karib Hövzəsi regionunda təxminən 48 milyon uşaq iki dəfə çox ifrat isti günlərin müşahidə olunduğu ərazilərdə yaşayır.

Bədənin həddindən artıq istiliyə məruz qalması nəticəsində yaranan istilik stresi, xüsusən də sərinləşdirmə tədbirləri mümkün olmadıqda, uşaqların və hamilə qadınların sağlamlığına və rifahına xüsusi təhdidlər yaradır. Bu, hamiləliklə əlaqəli xroniki xəstəliklər və mənfi doğum nəticələri, o cümlədən ölüdoğulma, aşağı doğum çəkisi və vaxtından qabaq doğumla əlaqələndirilir. Həddən artıq istilik stresi uşaqlar arasında pis qidalanma, qeyri-yoluxucu xəstəliklər, o cümlədən istiliklə əlaqəli xəstəliklərə səbəb olur və uşaqları yüksək temperaturda yayılan malyariya və Denge qızdırması kimi yoluxucu xəstəliklərə daha həssas edir. Sübutlar göstərir ki, bu, həmçinin neyroinkişafa, psixi sağlamlığa və rifaha da təsir edir.

İfrat istilik daha uzun müddət ərzində davam etdikdə daha narahatedici təsirlərə səbəb olur. Təhlil göstərir ki, ifrat istiliyin dünyanın hər bir ölkəsində artması fonunda, uşaqlar həm də daha ağır, daha uzun və daha tez-tez baş verən istilik dalğalarına məruz qalırlar. 100 ölkədə, uşaqların yarısından çoxu bu gün 60 il əvvəlkindən iki dəfə çox istilik dalğaları ilə üzləşir. Məsələn, ABŞ-da 36 milyon uşaq 60 il əvvələ nisbətən 2 dəfə, 5.7 milyon uşaq isə 4 dəfə çox istilik dalğalarına məruz qalır.

İqlimlə bağlı təhlükələrin uşaqların sağlamlığına təsiri bu təhlükələrin qida və su təhlükəsizliyinə və çirklənməsinə təsiri, infrastrukturun zədələnməsi, uşaqlar üçün xidmətlərin, o cümlədən təhsilin sabitliyinin pozulması və məcburi yerdəyişməyə səbəb olması ilə əlaqədar daha da artır. Bundan əlavə, bu təsirlərin ciddiliyi uşaqların sosial-iqtisadi vəziyyəti, genderi, yaşadıqları yer, mövcud sağlamlıq vəziyyəti və ölkə kontekstindən asılı olaraq üzləşdikləri əsas zəifliklər və bərabərsizliklərdən təsirlənir.

Bəs ölkəmizdəki uşaqlar daha çox hansı xəstəliklərdən əziyyət çəkirlər?

Ölkədə uşaq əhalisinin 92 faizi icbari dispanserizasiya tədbirlərinə cəlb olunub. Müayinələr nəticəsində uşaqların 5 faizə qədərində bu və ya digər formada sağlamlığın pozulması riski və xəstəliklər aşkarlanıb.

Bir neçə il öncə keçirilən icbari dispanserizasiya zamanı nozologiyalar üzrə bölünmədə 8 373 uşaqda tənəffüs sistemi xəstəlikləri, 5 039 uşaqda qan və qanyaradıcı orqanların xəstəlikləri, 3121 uşaqda mərkəzi və periferik sinir sistemi xəstəlikləri, 2687 uşaqda endokrin sistemi xəstəlikləri, 2617 uşaqda həzm sistemi xəstəlikləri, 2452 uşaqda göz və göz aparatının xəstəlikləri, 1954 uşaqda ürək qan-damar sistemi xəstəlikləri, 1386 uşaqda dayaq-hərəkət sistemi xəstəlikləri, 931 uşaqda sidik-cinsiyyət sistemi xəstəlikləri, 722 uşaqda dəri və dərialtı toxumanın xəstəlikləri, 134 uşaqda psixi və davranış pozuntuları, 53 uşaqda onkoloji xəstəliklər aşkar olunub.

Uşaqlar arasında rast gəlinən xəstəliklərin bir qismi mövsümi xarakter daşıyır. Yaz-yay aylarında onlarda immunitet möhkəmlənir, orqanizm sağlamlaşır. Payız və qışda isə daha çox problemlər özünü büruzə verməyə başlayır, soyuqdəymə, allergik xəstəliklər narahatlıq doğurur. Payızın gəlişinə xüsusilə immun sistemi zəif uşaqların səhhətində arzuolunmaz hallar müşahidə edilir. Buna görə də həmin məsələyə çox diqqətli yanaşmaq lazımdır.

Uşaqları ağuşuna alan bəla –  infeksion xəstəliklər

Amma infeksion xəstəlikləri də yaddan çıxarmaq olmaz. İnfeksion xəstəliklərə qarşı peyvəndlər son illər bütün dünyada uşaq ölümünü kəskin azaldıb. Hər bir ölkə ərazisində yayılan infeksiyalara qarşı xüsusi peyvənd təqvimi tərtib edir. Azərbaycanın milli peyvənd təqviminə uyğun olaraq uşağa ilk peyvənd doğulan kimi vurulmalıdır.

Azərbaycanda uşaqların ən çox yoluxa biləcəyi xəstəliklər və onlara qarşı peyvəndlərin siyahısı ilə tanış olaq.

Qızılca kəskin yoluxucu xəstəlikdir, hava-damcı yolu ilə yayılır. İnfeksiya mənbəyi xəstə insandır.

Məxmərək yoluxucu xəstəlikdir, hava-damcı yolu ilə yayılır. Xəstəliyin əlamətləri- ümumi zəiflik, normadan bir qədər yuxarı qızdırma, başağrısı, boyunarxası limfa düyünlərinin böyüməsi, səpkilərin əmələ gəlməsi və s. Vaxtında həkimə müraciət edilmədikdə xəstələrdə fəsadlar baş verir.

Epidemik parotit yoluxucu xəstəlikdir. Xəstəliyin əlaməti qulaqdibi tüpürcək vəzilərinin şişkinliyidir. Difteriya hava-damcı yolu ilə yayılır. Xəstəliyin infeksiya mənbəyi xəstələr və yoluxucu bakteriyalardır…

Tetanus xəstəliyini törədən bakteriyalardır. Tetanus insandan insana keçmir. İnsan tetanusa yara və yaxud kəsik səthinə torpaq zərrələrinin daxil olduğu zaman yoluxa bilər.

Hepatit B xəstəliyinin törədicisi hepatit virusudur. Bu infeksiya qaraciyəri zədələyir, kəskin və xronik hepatiti törədir. Daha ağır hallarda sirroz və qaraciyər şişləri yaranır. Bu infeksiya qeyri-steril infeksiya və ya əməliyyyat zamanı, yoxlanılmamış qanköçürmə ilə yoluxa bilər. Uşaqda bu infeksiya əlamətsiz keçir, yoluxmuş uşaqlar daha çox xroniki daşıyıcı olur.

Difteriya, göyöskürək, tetanus, Hib infeksiya və hepatit B-dən qorunmanın ən effektv üsulu vaksinasiyadır.

Musavat.com