Azərbaycanda hazırda 480 nəfərə yaxın uşaq təmənnasız olaraq boy hormonu ilə təmin olunur
Bakı, 18 fevral, AZƏRTAC
Boy hormonu çatışmazlığı çoxdan mövcuddur. Respublikada elə uşaqlar var idi ki, 18 yaşına çatanda onların boyu 1.20, 1.30 santimetr olurdu və ondan çox artmırdılar. Problemin maddi tərəfi mövcud idi. Hökumət, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB, Səhiyyə Nazirliyi tərəfindən dəstək oldu və həmin uşaqlara yardım edə bildik. Çünki dərman çox baha idi, ailələr onu ala bilmirdi. Bir aylıq müalicə 600-800 manata başa gəlirdi. Hazırda respublikada 480 nəfərə yaxın uşaq təmənnasız olaraq boy hormonunu alır. Biz ümidvarıq ki, onlar normal böyüyəcək və cəmiyyətə qoşulacaqlar.
AZƏRTAC xəbər verir ki, bunu Respublika Endokrinoloji Mərkəzin baş həkimi Babək Salek Qənnadi deyib.
Baş həkim bildirib ki, həkimlər tərəfindən komissiya şəklində İşçi Qrup yaradılıb: “Uşaqlar müayinədən keçir, valideynlərə bildirilir ki, həmin dəstəyin hamısı dövlət tərəfindən edilir və onlar təmənnasız dərman ala bilərlər. Problemi olanlar gəlib qeydiyyata düşür, komissiyadan keçir və ondan sonra dərmanlarla təmin olunurlar. Hazırda dərman biraylıq verilir. Çalışacağıq ki, gələcəkdə ətraf rayonlarda yaşayanlara iki-üç aylıq dərman təminatı aparaq”.