Azərbaycanda elektron resept sisteminin tətbiqi planlaşdırılır

Bakı, 12 aprel, AZƏRTAC

Yaxın vaxtlarda Azərbaycanda elektron resept sisteminin tətbiqi planlaşdırılır. Yeni sistem kağız dövriyyəsini azaldacaq, bununla yanaşı həkimlər xəstələrə elektronlaşdırılmış və sürətli şəkildə xidmət göstərəcəklər.

AZƏRTAC xəbər verir ki, Səhiyyə Nazirliyinin mütəxəssisi Kəbutər Mövsümlü deyib: “Yeni sistem Bakı şəhər Narkoloji Dispanserində tətbiq olunub və hazırda bütün narkoloji tibb xidməti göstərən müəssisələrdə onun tətbiqinə başlanılıb. Vətəndaşlar fərdi identifikasiya nömrəsinə əsasən elektron resept əldə edəcəklər. Həmin reseptin nömrəsini və yaxud şəxsiyyət vəsiqəsini əczaçılıq müəssisəsinə təqdim edərək tələb olunan dərman preparatlarını əldə edə biləcəklər”.

Həkim Yeganə Cəfərovanın dediyinə görə, elektron reseptə keçidlə həkimin fiziki işi yüngülləşəcək və xəstə həkimin yazdığı dərmandan əlavə preparat qəbul etməyəcək: “Müraciət edən hər bir xəstə müayinə olunduqdan sonra ona yazılacaq hər bir dərman preparatı elektron sistemdə vahid olaraq yerləşdirildikdə ümumi sistemdən görünəcək. Məsələn, Bakıda yazılmış reseptə həkimin kompüter vasitəsilə rayonda da girişi mümkün olacaq və xəstəyə yazılmış dərmanlar barədə məlumat əldə edəcək”.

Elektron resept tətbiq edildikdən sonra bütün əczaçılıq və tibb müəssisələrinin inteqrasiyası təmin ediləcək. Bundan başqa sistemin tətbiqi proseslərin izlənilməsinə, daha səmərəli şəkildə idarə olunmasına şərait yaradacaq.