Azərbaycanda bəzi həkimlərin maaşının "ən aşağı səviyyəsi 1000 manata qaldırılacaq"
İyun ayının 1-dən etibarən bəzi həkimlərin əməkhaqqının bütün məcburi tutulmalardan sonra net məbləği 1000 manat olacaq, İcbari Tibbi Sığorta üzrə Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev bu gün açıqlayıb.
Agentliyin fəaliyyəti ilə bağlı hesabatı təqdim edən cənab Əliyev bildirib ki, “hazırkı artım 31 ixtisas üzrə çalışan 8 mindən çox həkimə şamil olunacaq”.
Agentlik sədri 31 ixtisasdan “17 ixtisas üzrə çalışan həkimlərin maaşında 2 dəfəyədək artımın olacağını” bildirib.
Digər “14 ixtisas üzrə çalışan həkimin maaşında isə artım 20-90 faiz arası dəyişəcək. Maliyyə imkanları artdıqca çalışacağıq ki, səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına yenidən baxaraq onların sosial müdafiəsini daha da gücləndirək”, – o əlavə edib.
Maaşların artırılması “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”na dəyişikliklər edilməklə mümkün olub.
Zaur Əliyev bildirib ki, “əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətini daha da yüksəldilməsi və tibb işçilərinin sosial rifahının yaxşılaşdırılması istiqamətində davamlı tədbirlər həyata keçirilir”.
Bu, Azərbaycanda səhiyyə işçilərinin əməyinin ödənilməsi qaydasına edilən sayca 5-ci dəyişiklikdir.
“Çalışırıq, tibbi xidməti alan tərəf məmnun olduğu qədər xidməti verən tibb işçiləri də icbari tibbi sığortanın tətbiqindən razı qalsın. Məqsədimiz tibb işçilərinin sosial rifahını yaxşılaşdırmaq və tibbi xidmətləri vətəndaşlara əlçatanlığı təmin etməkdir”, – cənab Əliyev vurğulayıb.
Agentlik sədri tibb işçilərinin güzəştli ipoteka krediti və sosial mənzil almaq hüququ verilən şəxslərin siyahısına salınması ilə bağlı təkliflər hazırlandığını da bildirib.
Azərbaycanda icbari tibbi sığorta 2020-ci ilin əvvəlindən mərhələli şəkildə tətbiq olunur.