Azərbaycanda 252 nəfər uşaq və yeniyetmə "buster" doza ilə peyvəndlənib

Bakı, 23 fevral, AZƏRTAC

Azərbaycanda indiyədək 65 və yuxarı yaş qrupuna aid 675 min 961 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub. Onlardan 407 min 132 nəfəri birinci doza, 371 min 771 nəfəri ikinci doza, 272 min 52 nəfəri isə “buster” doza qəbul edib.

AZƏRTAC xəbər verir ki, bu barədə “Fəaliyyət üçün məlumat: Effektiv strategiyaların işlənib hazırlanması yolu ilə COVID-19 vaksinlərinin geniş tətbiqinə nail olmaq” adlı konfransda Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin İmmunoprofilaktika şöbəsinin əməkdaşı Əlcəfər Cəfərov məlumat verib.

O bildirib ki, ölkədə vaksinasiyadan keçən 50-65 yaşlıların ümumi sayı isə 1 milyon 911 min 704 nəfərdir. Həmin vətəndaşlardan 1 milyon 301 min 622 nəfəri yalnız birinci doza, 1 milyon 208 min 724 nəfəri hər iki doza, 889 min 954 nəfəri isə “buster” doza vurdurub.

Vaksinasiyadan keçən 40-49 yaşlı vətəndaşlar isə 1 milyon 310 min 947 nəfərdir. Onlardan 892 min 837 nəfəri birinci doza, 819 min 806 nəfəri hər iki doza, 542 min 277 nəfəri isə “buster” doza vurdurub.

Ölkədə koronavirus əleyhinə peyvənd vurduran 30-39 yaşlıların sayı 1 milyon 775 min 285 nəfərdir. Onlardan 1 milyon 200 min 257 nəfəri birinci doza, 1 milyon 88 min 641 nəfəri hər iki doza, 663 min 151 nəfəri isə “buster” doza üzrə vaksinasiyadan keçib.

18-29 yaşlı vətəndaşlar arasında vaksinasiyadan keçən əhalinin sayı 1 milyon 810 min 622 nəfərdir. Onlardan 1 milyon 263 min 466 nəfəri birinci doza, 1 milyon 109 min 708 nəfəri hər iki doza, 511 min 2 nəfəri isə “buster” doza vurdurub.

Azərbaycanda, həmçinin 12-18 yaşlı uşaq və yeniyetmələrin də COVID-19 əleyhinə vaksinasiyası aparılır. Onlardan 4 min 933 nəfəri birinci doza, 2 min 387 nəfəri hər iki doza, 252 nəfəri isə “buster” doza ilə peyvəndlənib.

Qeyd edək ki, Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 12 milyon 828 min 76, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 288 min 297, ikinci mərhələ üzrə 4 milyon 777 min 7, üç və daha çox doza vaksinlərin sayı 2 milyon 566 min 634, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 196 min 138-dir.