Azərbaycan Tibb və Türkiyənin Adnan Menderes universitetləri arasında əməkdaşlığa dair razılıq əldə olunub
Bakı, 16 avqust, AZƏRTAC
Türkiyənin Adnan Menderes Universitetinin nümayəndə heyəti Azərbaycan Tibb Universitetinin (ATU) qonağı olub.
Tibb Universitetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüş zamanı iki ali məktəb arasında müəllim və tələbə mübadiləsi, universitet nümayəndələrinin qarşılıqlı elmi işlər aparması və bu kimi digər əməkdaşlıq sahələrinə dair ilkin razılıq əldə olunub.
Tədbirdə ATU-nun rektoru, professor Gəray Gəraybəyli qonaqlara rəhbərlik etdiyi ali tibb məktəbində mövcud təhsil sistemi, həyata keçirilən islahatlar və planlaşdırılan layihələr haqqında geniş məlumat verib. Rektor Azərbaycan Tibb Universitetinin Türkiyənin bir çox aparıcı universitetləri ilə sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb. O, qeyd edib ki, ATU-nun tələbələri qardaş ölkənin ali məktəbləri tərəfindən dəstəklənən mübadilə proqramlarında iştirak edirlər. Lakin bəzən proqramların uyğunsuzluğu müəyyən problemlər yaradır: “Bu baxımdan, universitetdə proqramların təkmilləşdirilməsi və standartlara uyğunlaşdırılması istiqamətində işlər aparılır. ATU-nun stomatologiya fakültəsinin proqramı Türkiyənin bu sahədə tədris proqramına tam uyğundur. Lakin digər fakültələrdə hələ də çətinliklər qalmaqdadır. Bu problemlərin həlli ilə bağlı tədbirlər görülür”,- deyə G.Gəraybəyli bildirib.
Rektor mübadilə proqramı üzrə Türkiyədə təhsil alan ATU tələbələrinin ikili diplom ala biləcəklərini də vurğulayıb. Bildirilib ki, bu praktikanın tətbiqi ilə əlaqədar ATU-nun nümayəndə heyəti Türkiyənin Hacettepe Universitetinin proqramı ilə tanış olub və yaxın vaxtlarda bu sahədə dəyişikliklərin olması nəzərdə tutulub.
G.Gəraybəyli görüş zamanı Adnan Menderes Universiteti ilə də aktiv əlaqələrin formalaşacağından əmin olduğunu bildirib. O, bu məqsədlə əməkdaşlığa dair protokol sazişinin hazırlanıb imzalanmasını təklif edib.
Adnan Menderes Universitetinin tibb fakültəsinin dekanı Serpil Demirağ görüşün təşkili üçün rektora təşəkkürünü bildirərək təmsil etdiyi ali məktəb haqqında məlumat verib. Onun sözlərinə görə, Adnan Menderes Universitetinin tibb fakültəsində 1200 tələbə təhsil alır: “Son iki ildə tibb fakültəsi daha da inkişaf edib. Universitetin klinikası da fəaliyyət göstərir və orada ATU-dan rezidentlər var. Biz də Azərbaycan Tibb Universiteti ilə əməkdaşlığın formalaşdırılması və inkişafında çox maraqlıyıq”.