Azərbaycan Tibb Universitetinin yeni tədris mərkəzinin açılışı olub

Bakı, 19 fevral, AZƏRTAC

Azərbaycan Tibb Universitetinin (ATU) insan anatomiyası və tibbi terminologiya kafedrasının nəzdində yeni tədris mərkəzinin açılışı olub. Kafedranın 100 illik yubileyinə həsr olunmuş açılış mərasimində səhiyyə naziri Oqtay Şirəliyev iştirak edib.

Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səhiyyə nazirinə mərkəzin insan anatomiyası və tibbi terminologiya kafedrasının 100 illiyi münasibətilə yeni layihə əsasında yenidən qurularaq innovativ avadanlıqlarla təchiz edilməsi haqqında məlumat verilib. Bildirilib ki, mərkəzdə tədris otaqları və mühazirə zalı ilə yanaşı, tələbələrin praktik bilgilərini daha dərindən mənimsəməsi üçün zəruri avadanlıq da quraşdırılıb.

Yeni tədris mərkəzində yaradılan şəraitdən məmnunluğunu bildirən Oqtay Şirəliyev bu mərkəzin tədrisin beynəlxalq standartlara uyğun formada təşkili baxımından böyük əhəmiyyət daşıdığını qeyd edib. İnsan anatomiyası kafedrasının Azərbaycan Tibb Universitetinin ən əsas kafedralarından biri olduğunu diqqətə çatdıran nazir tələbəlik illərindəki xatirələrini bölüşərək müasir dövrdə tibb təhsili sahəsindəki ciddi irəliləyişlərdən də danışıb.

Universitetin rektoru, professor Gəray Gəraybəyli yeni tədris mərkəzi, o cümlədən Tibb Universitetində yaradılan şərait, aparılan islahatlar, təhsil və tədris sistemindəki yeniliklər, gözləntilər barədə nazir və mərasim iştirakçılarına ətraflı məlumat verib.

Daha sonra kafedranın müdiri, professor Vaqif Şadlinski kafedranın fəaliyyəti, işçi heyəti, yeni tədris mərkəzinin planları haqqında danışıb. O, qeyd edib ki, Azərbaycandakı tədris müəssisələrindən yalnız bu mərkəzdə kremasiya sobası yerləşir.

Əsasən aşağı kurs tələbələri üçün nəzərdə tutulan tədris mərkəzindən Tələbə Elmi Cəmiyyətinin xətti ilə elmi iş işləyən gənclər və rezidentlər də istifadə edə bilərlər.

Qeyd edək ki, fevralın 18-də Azərbaycan Tibb Universitetinin insan anatomiyası və tibbi terminologiya kafedrasının yaradılmasından 100 il ötüb. Kafedra 1919-cu ildə indiki Bakı Dövlət Universitetinin ilk ən böyük fakültəsi olan tibb fakültəsi nəzdində yaradılıb. 1930-cu il mayın 9-da bu fakültənin bazası əsasında Azərbaycan Dövlət Tibb İnstitutu yaradılıb və kafedra həmin institutun nəzdində fəaliyyətini davam etdirib.

Kafedra ayrı-ayrı illərdə müxtəlif ünvanlarda yerləşib, 1949-cu ildə isə tikintisi hələ tamamlanmayan və məxsusi olaraq morfoloji fənlərə aid kafedralar üçün nəzərdə tutulan yeni dördmərtəbəli binaya qismən köçürülmə başlanıb. 1953-cü ildə köçürülmə bütöv şəkildə başa çatdırılıb. Elə həmin ildən bu vaxtadək demək olar ki, kafedrada əsaslı təmir-bərpa işləri aparılmayıb.

Hər sahədə olduğu kimi tibb təhsili və tibb elmi sahələrinə də yaxından dövlət qayğısı göstərən Prezident İlham Əliyevin diqqəti sayəsində 2018/2019-cu tədris ilində kafedranın maddi-texniki bazası yenidən qurulub, ən müasir innovativ avadanlıqlarla təchiz edilib. Yeni tədris və elm mərkəzinin qurulması isə həmin kafedranın 100 illik yubileyinə ərməğan edilən ən böyük töhfədir.