Azərbaycan Tibb Universitetinin tələbələri ödənişsiz müayinə olunacaq
Bakı, 5 aprel, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin Elmi Şurasının növbəti iclasında tələbələrlə bağlı mühüm qərar verilib.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, şura üzvlərinin yekdilliklə səs verdiyi qərara əsasən, Azərbaycan Tibb Universitetində təhsil alan tələbələrin universitetin klinikalarında ödənişsiz müayinə olunacaqlar.
Həmin qərar tələbələrin sosial rifah halının daha da yaxşılaşmasına, onların xərclərinə qənaət etməsinə kömək etmək məqsədi daşıyır. Eyni zamanda, tələbələrin təhsil ocağının klinikalarında müayinəsi həm də səhhəti ilə bağlı problemi olan tələbələrə dərhal tibbi yardım göstərilməsinə, onların problemlərinə daha operativ müdaxilə olunmasına yardım göstərəcək.