Azərbaycan Tibb Universitetinin həkimləri ana bətnindəki körpəni əməliyyat ediblər

Bakı, 1 iyul, AZƏRTAC

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında hamilə qadının bətnindəki uşaq (döl) üzərində mürəkkəb əməliyyat icra olunub. Döş qəfəsinə mayenin yığıldığı aşkarlanan döl üzərində aparılan əməliyyat uğurla nəticələnib.

Bu barədə AZƏRTAC-a universitetin mətbuat xidmətindən məlumat verilib.

Klinikanın ginekologiya şöbəsinin müdiri Turan Canbaxışovun sözlərinə görə, pasiyent klinikaya hamiləliyin 31 həftəliyində müraciət edib. Müayinələr zamanı ananın bətnindəki uşağın döş qəfəsinə mayenin yığıldığı aşkarlanıb: “Döş qəfəsinə maye yığıldığı üçün ürək sıxılırdı. Bu, ürəyin fəaliyyətinə mane olduğu üçün dölün bütün bədənində ödəm inkişaf edirdi. Bir neçə tibb müəssisələrində hamiləliyin sonlandırılmasını təklif etsələr də, ailə belə bir qərarla razılaşa bilmirdi. Klinikada döldən genetik analiz götürülüb və nəticədə uşağın sağlam olduğu dəqiqləşdirilib. Bundan sonra əməliyyat planlaşdırılıb. Adətən döş qəfəsinə mayenin yığılmasının səbəbi ağciyərlərin üstünü örtən selikli qişanın gec inkişafı ilə əlaqələndirilir. Əgər vaxtında yardım göstərilməzsə, döl ürək çatışmazlığından tələf olur. Odur ki, dölün əməliyyat olunmasına qərar verilib. Əməliyyat hamiləliyin 32-ci həftəliyində aparılıb. Ümumi anesteziya altında ana bətninə daxil olunub və dölün döş qəfəsinə stend taxılıb. Bu stend ağ ciyərin ətrafındakı mayenin uşaqlıq boşluğuna axmasını təmin edib. Beləliklə, ürəyin fəaliyyəti bərpa olunub. Hamiləliyin 36-cı həftəsində dünyaya gələn körpə bir neçə gün yenidoğulmuşların reanimasiya şöbəsində müalicə aldıqdan sonra tam sağlam vəziyyətdə anası ilə birgə evə buraxılıb”.