Azərbaycan Tibb Universitetində rezidentlərin seminarı keçirilib
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında şüa diaqnostikası və terapiyası kafedrasının rezidentlərinin seminarı keçirilib.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən klinikanın direktor müavini Adil Nuriyev bu cür seminarların elmi əhəmiyyətindən danışıb. Bildirilib ki, silsilə xarakteri daşıyan seminarlar may ayında keçiriləcək rezidentlərin VI elmi-təcrübi konfransına (6-cı ATUREK) hazırlıq xarakteri daşıyır.
Sonra kafedranın həkim-rezidenti Xavər Qurbanlının vezikoureteral refluks xəstəliyinin radiodiaqnostikası, kafedranın həkim-rezidenti Gülməkan Qədimlinin isə “Renal dopler” (“Böyrək dopleri”) müayinəsi haqqında çıxışları dinlənilib.
Seminar mövzular ətrafında müzakirələrlə davam etdirilib.