Azərbaycan Tibb Universitetində psixiatriyanın müasir problemləri müzakirə olunur

İyunun 6-da Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında “Azərbaycan və İsraildə psixiatrik xidmətin təşkili və hüquqi aspektləri” mövzusunda beynəlxalq konfrans keçirilib.

Universitetin mətbuat xidmətindən AZƏRTAC-a verilən xəbərə görə, konfransda İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan Stav, bu ölkənin 50-ə yaxın psixiatrı, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun psixiatriya və narkologiya kafedrasının müdiri Teymur Qafarov, Azərbaycan Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin direktoru, ATU-nun psixiatriya kafedrasının professoru, tibb elmləri doktoru Fuad İsmayılov və başqaları iştirak edib.

Konfransı giriş sözü ilə açan ATU-nun elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərov iştirakçıları rektor, professor Gəray Gəraybəylinin adından salamlayaraq konfransın işinə uğurlar arzulayıb. O, Azərbaycan və İsrail arasında münasibətlərin tarixi köklərə dayandığını qeyd edib:

“İsraillə Azərbaycan arasındakı dostluq münasibətlərinin tarixi qədimdir. Bu iki ölkə arasındakı əlaqələr bir çox sahələrdə olduğu kimi, tibb sahəsində də son zamanlar yüksək səviyyədə inkişaf etməyə başlayıb. Bunun bariz nümunəsi kimi İsrailin nüfuzlu həkimlərinin bu gün keçirilən konfransda iştirakını göstərmək olar. Onlar öz ölkələrində psixologiya sahəsində kifayət qədər tanınmış şəxslərdir”.

R. Bəylərov, həmçinin D.Stavın iki ölkə arasında əlaqələrinin genişlənməsində və inkişaf etdirilməsində göstərdiyi xidmətləri yüksək qiymətləndirib.

Sonra çıxış edən səfir D.Stav Azərbaycanın müstəqillik əldə etdikdən sonrakı nailiyyətlərdən danışıb. O bildirib ki, Azərbaycan tolerantlıq nümunəsi kimi bir çox ölkələr arasında nüfuza sahib ölkədir: “Bu gün keçirilən konfrans həm Azərbaycan, həm də İsrail üçün böyük əhəmiyyətə malikdir. Çünki psixiatriyanın dərindən öyrənilməsi və bu sahənin inkişafına töhfə verəcək perspektivli həkimlərin yetişdirilməsinə ehtiyac var. Düşünürəm ki, hər iki ölkə bu istiqamətdə artıq bir çox işlər həyata keçirməkdədir”.

Konfransda İsraildə psixiatrik xidmətlərin təşkili və tətbiq edilən yeniliklər, psixi yardımın təşkilinin hüququ aspektləri, Azərbaycanda Psixiatrik Sağlamlıq Mərkəzinin fəaliyyəti, psixi sağlamlıq istiqamətində görülən işlər və s. mövzulara həsr olunmuş məruzələr dinlənilib.

Qeyd edək ki, konfrans öz işini sabah da davam etdirəcək.

 

AZƏRTAC