Azərbaycan Tibb Universitetində irsi xəstəliklər müzakirə olunub

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında genetik risk faktoru yüksək olan xəstəliklə bağlı kliniki müzakirə aparılıb.

Universitetdən AZƏRTAC-a bildiriblər ki, müzakirə irsi sensor-motor aksonal demielinizedici polineyropatiya, autosom-resessiv forma xəstəliyi barəsində aparılıb. Bildirilib ki, bu xəstəlik genetik risk faktoru yüksək olan xəstəliklər qrupuna daxildir. Xəstəlik zamanı yerişin çətinləşməsi, tez yorulma, ayaq barmaqlarının deformasiyası hallarına rast gəlinir.

Konkret bir xəstə üzərində aparılan müzakirədə bildirilib ki, uşaq anadan hipotonik sindromla doğulub. “Qurbağa” pozası, süstlük, doğulandan sonra daimi olaraq qəbizlik halları müşahidə edilib. Uşağın yaşı artdıqca digər problemlər də ortaya çıxıb. O da qeyd edilib ki, xəstəlik zamanı əzələ distrofiyasına səbəb ola biləcək xromosom patologiyası aşkar edilməyib.

Müzakirələrin sonunda xəstəyə baxış keçirilib.

Nevrologiya kafedrasının uşaq nevroloqları tərəfindən aparılan klinik təhlildə professor-müəllim heyəti, həkimlər, rezidentlər iştirak ediblər.

 

AZƏRTAC