Azərbaycan Tibb Universitetində gənc tədqiqatçıların məruzələri dinlənilib
Azərbaycan Tibb Universitetində (ATU) Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə ictimai sağlamlıq və səhiyyənin təşkili kafedrasında elmi-praktik konfrans keçirilib.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən ATU-nun ictimai sağlamlıq və səhiyyənin təşkili kafedrasının müdiri, professor Rafiq Çobanov bu, ali tibb müəssisəsində uzun illərdir ki, tələbə elmi cəmiyyətinin fəaliyyət göstərdiyini qeyd edib. O, son bir il ərzində kafedrada təxminən 50-dən çox tələbənin elmi işlər gördüyünü və nəticələrinin cəmiyyətə təqdim olunduğunu deyib. Tədqiqata cəlb edilən tələbələrin müxtəlif mükafatlar, sertifikatlar aldığını xatırladan kafedra müdiri bugünkü konfransda da maraqlı məruzələrin səslənəcəyinə əminliyini bildirib.
Sonra tədqiqatçı tələbələrin “Tibb Universitetinin tələbələri arasında emosional-stress təzahürlərinin yayılması səviyyəsinin qiymətləndirilməsi”, “Ali təhsil müəssisə tələbələrinin kontraseptiv vasitələr barədə məlumatlılıq səviyyəsinin təhlili”, “+1 xromosoma”, “Uşaq travmatizmin bəzi sosial-gigiyenik aspektləri” mövzularında məruzələri dinlənilib.
Konfransda iştirak edən professor-müəllim heyəti ayrı-ayrı müəssisələrdə, müxtəlif regionlarda aparılın araşdırmalar əsasında hazırlanan məruzələri qənaətbəxş qiymətləndirərək gənc tədqiqatçılara öz tövsiyələrini veriblər.