Azərbaycan Tibb Universitetində Elektron Universitet yaradılır
Azərbaycan Tibb Universitetində (ATU) Elektron Universitetin yaradılması ilə bağlı işlərə başlanılıb.
Trend-in məlumatına görə, bunu universitetin rektoru Gəray Gəraybəyli deyib.
Bir neçə həftə öncə Təhsil Nazirliyinin Akkreditasiya Şurasının qərarı ilə Tibb Universitetinin 5 illik müddətə yenidən akkreditasiyadan keçirildiyini xatırladan G.Gəraybəyli dövlət başçısının imzaladığı “İclmai iştirakçılıq haqqında” qanuna əsasən, ATU-nun rektoru yanında İctimai Nəzarət və Məsləhət Şurasının Əsasnaməsinin qəbul edildiyini vurğulayıb.
Noyabr ayında ATU-da Gənc Alimlərin IV Beynəlxalq Tibb Konqresinin keçirildiyini söyləyən G.Gəraybəyli burada dünyanın bir çox ölkələrindən nümayəndələrin iştirak etdiyini bildirib. Rektor dövrün tələbinə uyğun olaraq ATU-da Elektron Universitetin yaradılması ilə bağlı işlərə başlanıldığını və sürətlə davam etdirildiyini deyib.
G.Gəraybəyli rezidenturaya qəbul planının ilbəil artırıldığını, bu göstəricinin 2017-ci ildə 471 nəfər olduğunu (2011-ci ildən indiyədək 3255 nəfər), rezidentura təhsilinin keyfiyyətinin yüksəldilməsi istiqamətində ardıcıl işlərin davam etdirildiyini bildirib: “Bu il Səhiyyə Nazirliyinin əmri ilə “Həkimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsinə dair müvəqqəti Qaydalar” təsdiq edilib, beləliklə, dünyanın qabaqcıl ölkələrində istifadə olunan davamlı tibbi təhsil sisteminin tətbiqinə başlanılıb. Bununla bağlı həm əhalinin, həm də səhiyyə ictimaiyyətinin maarifləndirilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. İstər baza tibb təhsilində, istərsə də diplomdan sonrakı təhsildə uğurlar əldə edilib və bu sahədə islahatlar davam etdiriləcək”.
Trend