Azərbaycan Tibb Universitetində 23 yaşlı gənc üzərində unikal əməliyyat aparılıb
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında 23 yaşlı gənc üzərində unikal cərrahiyyə əməliyyatı icra olunub.
ATU-dan AZƏRTAC-a bildiriblər ki, klinikanın ümumi cərrahiyyə şöbəsinin müdiri, tibb elmləri doktoru Mübariz Əliyevin sözlərinə görə, 1994-cü il təvəllüdlü gənc sol böyrəyin törəməsi və ikitərəfli düyünlü ur diaqnozu ilə xəstəxanaya müraciət edib. İlkin olaraq, o, instrumental və MRT müayinələrdən keçirilib, kompüter tomoqrafiya edilib: “Sol böyrəyin törəməsi, kalsinasiya olunmuş exinokok kimi dəyərləndirilib. Klassifikasiya olunmuş qalxanvarı vəzidə böyük ölçülü düyünlər aşkarlanıb. Belə bir müştərək problemlə xəstəni əməliyyata hazırladıq. İlkin olaraq, xəstə üzərində ikitərəfli strumektamiya əməliyyatı icra olundu. Sonra böyrəyin laparoskopik rezeksiyası olundu. Əməliyyatı ATU-nun Tədris Cərrahiyyə Klinikasının urologiya şöbəsinin professoru Əlimərdan Baxışovla birgə icra etdik”.
Doktor M.Əliyev bildirib ki, böyrəyin törəməsi onun yuxarı qütbü və dalağa bitişik olub: “Əməliyyat laparoskopik üsulla edildi. İlkin olaraq, həmin törəməni qanaxma olmadan dalaqdan ayırdıq. Sonra balaca bel kəsiyi ilə sol böyrəyin laparoskopik rezeksiyası əməliyyatı icra olundu. Xəstə əməliyyatdan 5 gün sonra evə yazılıb”.
Histoloji müayinə nəticəsində məlum olub ki, qalxanvarı vəzidə olan düyünlər kalsifikasiya olunmuşdular. Böyrəyin törəməsi isə osteomadır. İnstrumental müayinə metodlarının yazdığı kalsifikasiya olunmuş exinokok deyil: “Bu möhkəm konsistensiyalı bir şiş idi. Məlum olduğu kimi, osteomalar vaxtında müalicə olunmadıqda, osteosarkomalara çevrilir. Bu səbəbdən biz bu cavan oğlanın həyatını, eyni zamanda, iki ciddi xəstəlikdən xilas etmiş olduq”.