Azərbaycan səhiyyəsinin inkişafında xüsusi rolu olan Kübra Fərəcovanın anadan olmasının 112-ci ilidir
Kübra Fərəcova 1907-ci il may ayının 16-da Qubada anadan olmuşdur. 1931-1979-cu illərdə Kürdəmir qız məktəbinin təşkilatçı və müəllim, Azərbaycan SSR Xalq Səhiyyə Komissarının müavini, AKP MK-də təlimatçı, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi, Azərbaycan SSR Səhiyyə naziri, N.K. Krupskaya adına Ana və Uşaq Mühafizəsi İnstitutunun direktoru və s. vəzifələrdə işləmişdir.
Tədqiqatı əsasən, uşaqların fiziki inkişafına, ana və uşaqların mühafizəsinə həsr olunmuşdur.
SSRİ Ali Sovetinin (2-ci çağırış), Azərbaycan SSR Ali Sovetinin (2-3 cü çağırış) deputatı olmuşdur. Elmi kadrların hazırlanmasında xidməti var.
Kübra Fərəcova 2 Qırmızı Əmək Bayrağı ordeni, 2 “Şərəf nişanı” ordeni və medallarla təltif edilmişdir.
Respublikada qadın və uşaqların sağlamlığın qorunması problemlərinin həlli bir çox cəhətlərinə görə Kübra Yəhya qızı Fərəcovanın adı ilə bağlıdır. Bakı şəhərində (fəhlə) işçi fakültəsini bitirdikdən sonra, o Azərbaycan Dövlət Universitetinin tibb fakültəsinə daxil olub, onu bitirdikdən sonra isə Ana və Uşaqların mühafizəsi institutunda elmi fəaliyyətə başlamışdır.
1937-ci ildə o, Xalq Səhiyyə Komissarının müavini, bir neçə aydan sonra isə respublika xalq səhiyyə komissarı təyin olunmuşdur. Xalq səhiyyəsinin yaxşılaşdırılması üçün ilk qadın-xalq komissarı böyük güc və enerji sərf etmişdir. 1950-ci ilin sonunda K.Y. Fərəcova Ana və uşaqları mühafizə institutunun direktoru vəzifəsini tutmuşdur. Ana və uşaqları mühafizə institutuna 30 il müddətində (1950-1980-ci illər) başçılıq edən professor K.Y. Fərəcova böyük elmi, təşkilati və ictimai iş aparırdı. İnstitutun rəhbəri kimi o, həkim pediatrların, mama-ginekoloqların bilik və ixtisasının artırılmasına böyük diqqət yetirirdi. Müntəzəm olaraq Respublikanın rayonlarında elmi-praktik konfranslar keçirilir, yerlərdə kömək göstərmək üçün institutun elmi işçilərindən ibarət briqadalar göndərilirdi. Onun tərəfindən 100-ə qədər elmi iş yazılmışdır ki, bunun da çox hissəsi pediatriyanın aktual məsələlərinə, Azərbaycanda müxtəlif yaşlı uşaqların sağlamlıq vəziyyəti və fiziki inkişafına həsr olunmuşdur. K.Y.Fərəcova respublika həkim-pediatrların 3 qurultayının (1959, 1964 və 1970), mama-ginekoloqların II qurultayının təşkilatçısı və iştirakçısı, 1977-ci ildə Bakıda keçirilən “Pediatriya praktikasında transfuziologiya və hemotologiya məsələləri” mövzusunda keçirilən Ümumittifaq konfransının təşkilatçılarından biri olmuşdur.
1992-ci ilin sentyabrından N.Krupskaya adına ET “Ana və Uşaqları Mühafizə” institutu (indiki Elmi-Tədqiqat Pediatriya İnstitutu) K.Y.Fərəcovanın adını daşıyır.
Allah rəhmət eləsin !