Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva növbəti uşaq bağçalarının açılışında
Bakının Səbail rayonunda Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı surətdə yenidən qurulan 157 nömrəli uşaq bağçasının da açılışı olub.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva həmin açılışda da iştirak edib.
Bayıl yaşayış sahəsində yerləşən uşaq bağçasının ikimərtəbəli binası 100 il əvvəl inşa olunmuşdu. Yüz uşağın tərbiyə aldığı binanın əsaslı təmirə ehtiyacı var idi. Bina sökülərək onun yerində üçmərtəbəli müasir bina tikilib. Burada işlər yüksək keyfiyyətlə və zövqlə yerinə yetirilib. Beləliklə, hazırda uşaq bağçasındakı şərait ən müasir tələblərə uyğunlaşdırılıb. Binanın giriş hissəsi, foye, qrup otaqları və zallar burada tərbiyə alan azyaşlılara uyğun xüsusi dizaynla işlənib. Otaqlar və dəhlizlər uşaqların sevimli nağıl qəhrəmanlarının şəkilləri ilə bəzədilib, qrup otaqları zəruri inventarla, mebel dəstləri ilə təchiz edilib.
Ümumi sahəsi təxminən 2 min kvadratmetrə yaxın olan bağçanın binasında 110 uşaq tərbiyə alacaq. Bağçada uşaqların təlim-tərbiyəsi ilə ümumilikdə 25 nəfər məşğul olacaq. Buradakı 5 qrupun hər biri üçün geniş oyun və yataq otaqları və digər zəruri otaqlar, həmçinin musiqi və əyləncə zalları, tibb kabineti, müasir avadanlıqla təchiz olunmuş mətbəx və yeməkxana tikilib. Bir sözlə, bağçada yaradılan şərait uşaqların təlim-tərbiyəsi ilə yüksək səviyyədə məşğul olmağa imkan verəcək, həmçinin onların bilikli və zəngin dünyagörüşünə malik bir vətəndaş kimi formalaşmasında mühüm rol oynayacaq. Binada müşahidə kameraları, yanğındanmühafizə sistemi quraşdırılıb. Bağçanın yerləşdiyi ərazidə genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb, müxtəlif çiçək və gül kolları, ağaclar əkilib.
Martın 6-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində 9 saylı sanatoriya tipli körpələr evi-uşaq bağçası üçün inşa edilən yeni binanın açılışı olub.
AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva açılışda iştirak edib.
M.Əliyeva yeni binanın rəmzi açılışını bildirən lenti kəsib, körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış olub.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məlumat verib ki, bu məktəbəqədər təhsil müəssisəsi 1942-ci ildən 5 qrup ilə fəaliyyət göstərib. Bağça sanatoriya tiplidir və uşaq müəssisəsinə vərəm xəstəliyinin sönük formasında olan uşaqların qəbulu Vərəm Dispanserinin göndərişi əsasında həyata keçirilir. 2014-cü ilin sentyabrında bu məktəbəqədər təhsil müəssisəsinin birmərtəbəli köhnə binası sökülərək yerində yeni binanın inşasına başlanıldı. Artıq ikimərtəbəli yeni binada beşi Azərbaycan, biri rus bölməsi olmaqla 6 qrupdan ibarət, müasir tələblərə cavab verən körpələr evi-uşaq bağçası fəaliyyət göstərəcək. 120 yerlik bağçada 2 yaşdan 6 yaşadək uşaqların təlim-tərbiyəsi ilə 47 nəfərdən ibarət pedaqoji heyət məşğul olacaq. Bağça azyaşlı sakinlərin zövqünə uyğun qurulub, onların rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnmələrini təmin edəcək.
Ölkədə uşaq müəssisələrinin yüksək tələblər səviyyəsində qurulması istiqamətində dövlətin gördüyü işlərə Heydər Əliyev Fondu da böyük töhfələr verir. 2014-cü ilin fevral ayında Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramının təqdimatı zamanı Fondun məktəbəqədər təhsil müəssisələrində mövcud vəziyyətin monitorinqinin nəticələri açıqlanmışdı və ölkədə yeni bağçaların inşasına ehtiyacın olduğu müəyyən edilmişdi. Həmin vaxtdan Fond ölkəmizdəki məktəbəqədər təhsil müəssisələrinin yenidən qurulması, yeni, müasir uşaq müəssisələrinin inşası sahəsindəki fəaliyyətini daha da genişləndirib. Bu bağçada da lazımi şərait yaradılıb, binada videomüşahidə, yanğınxəbərverici sistemlər quraşdırılıb, müəssisə zəruri mebel-inventar və avadanlıqla təchiz edilib. Həyətyanı ərazi abadlaşdırılıb, mindən çox müxtəlif növ həmişəyaşıl ağac əkilib, uşaqların istirahəti üçün əyləncə qurğuları quraşdırılıb.