Azərbaycan onkoloqlarının növbəti elmi uğuru

Bakı, 10 noyabr, AZƏRTAC

Milli Onkologiya Mərkəzinin (MOM) Nüvə təbabəti və radionuklid müalicə şöbəsinin əməkdaşları beynəlxalq tədbirdə ölkəmizi uğurla təmsil ediblər.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, akademik Cəmil Əliyevin rəhbərliyi ilə onlar dünyanın bir çox ölkəsinin nümayəndələrinin təmsil olunduğu onkologiya və nüvə təbabəti sahəsində böyük nüfuza malik olan Avropa Nüvə Təbabəti Assosiasiyasının (EANM) hər il təşkil etdiyi beynəlxalq konfransda fərqləniblər.

Avropa Nüvə Təbabəti Assosiasiyasının bu il oktyabrın 14-19-da İspaniyanın Barselona şəhərində təşkil olunan konqresində 7000-dən çox alim və tədqiqatçının iştirak etdiyi mötəbər elmi tədbir Azərbaycan onkoloqlarının elmi nailiyyətləri ilə yadda qalıb. Şöbə əməkdaşlarının məruzə üçün təqdim edilən, əsrimizin bəlası hesab olunan süd vəzi xərçəngi və prostat vəzi xərçənginin molekulyar diaqnostika və müalicəsinə həsr olunmuş 4 elmi işin 3-ü sözlü məruzə, digəri isə poster şəklində olmaqla EANM tərəfindən təqdimat üçün qəbul edilib.

Süd vəzi xərçəngi üzrə aparılan “Comparison of 68Ga-FAPİ PET/CT and 18-FDG PET/CT in breast carcinoma staging: Results of 100 patients” adlı elmi məqalə MOM-un Nüvə Təbabəti və Radionuklid müalicə şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Fuad Novruzov tərəfindən sözlü məruzə olaraq tədbir iştirakçılarına təqdim edilib və “EANM-in seçilmiş mühazirəsi” (EANM Highlighted Lecture) kimi qəbul olunub. Qeyd etmək lazımdır ki, 71 ölkədən qəbul edilmiş 1563 elmi işdən cəmi 20-si onkoloji sahədə “EANM Highlight Lecture” olaraq seçilib.

Milli Onkologiya Mərkəzinin alim və mütəxəssislərinin beynəlxalq elmi uğurları ölkəmizdə səhiyyə və elm sahəsində aparılan səhiyyə islahatlarının bariz nümunəsidir.