Azərbaycan İİV–ə yoluxma səviyyəsinin aşağı olduğu ölkələrdəndir

Azərbaycan, Şərqi Avropa və Mərkəzi Asiya regionunda İİV–ə yoluxma səviyyəsinin aşağı olduğu ölkələr sırasındadır. Bu haqda məlumat hələ 2016-ci ildə Ümumdünya Səhiyyə Təşkilatının hesabatında dərc edilmişdi.

Əsas etibarı ilə ölkədə yoluxma daha çox yüksək riskli qrupa aid olan inyeksion narkotik istifadəçiləri arasında qeydə alınır. Belə ki, 2017–ci ildə aşkar olunan İİV–ə yoluxma hallarının 15,6%–i və ümumilikdə 1987–2017–ci illər ərzində isə aşkar olunan halların 46%–i inyeksion narkotik istifadəsi nəticəsində baş verib.

2017–ci ildə, əvvəlki illərdə olduğu kimi, Səhiyyə Nazirliyi tərəfindən İİV–lə mübarizə sahəsinə, ilk növbədə müayinə və onların çeşidinin genişləndirilməsinə böyük önəm verilib. Bununla əlaqədar müayinələrin sayı, xüsusilə ekspress–testləşdirmənin tətbiqi artıb. Nəticədə İİV–ə yoluxmuş insanların aşkarlanma səviyyəsi yüksəlib. Alınan nəticələr 2020-ci və ardınca 2030–cu illər üçün müəyyənləşdirilmiş hədəflərə nail olmağa əsas verir.

Ölkədə ardıcıl olaraq, ehtiyacı olan bütün İİV–li insanlara Azərbaycan höküməti, beynəlxalq və ictimai təşkilatlar tərəfindən dəstəklənən İİV/QİÇS–lə bağlı diaqnostika, profilaktika, müalicə, qulluq və dəstək üzrə tədbirlər həyata keçirilir. İİV–infeksiyasının diaqnostikası Azərbaycanda pulsuz və mütləq müayinədən əvvəl və müayinədən sonra məsləhətləşmələr ilə müşayiət olunur.

İİV müayinəsi anonim şəkildə Respublika QİÇS–lə Mübarizə Mərkəzində və 10 regional laboratoriyada, RGEM–nin və Naxçıvan MR QİÇS–lə mübarizə Mərkəzinin İİV–diaqnostika laboratoriyasında, həmçinin, regionlarda fəaliyyət göstərən 48 könüllü müayınə və məsləhət məntəqələri şəbəkəsində keçmək mümkündür.

Respublikanın bütün tibb müəssisələrinə İİV–ə müayinə üçün müraciət etmək mümkündür.

Azərbaycanda İİV–infeksiyasına yoluxan insanların aşkar edilməsi məqsədi ilə aparılan müayinələrin sayı ildən ilə artırılır. Əgər 2016–cı ildə – 585190 müayinə aparılmışdısa, 2017–ci ildə analoji göstərici 742641 barəbər olub.

 

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin məlumatı