Axşam gəzintisi bağırsaq xərçəngi və diabet riskini azaldır

Türkiyəli mütəxəssis Əli Vardarın qənaətincə, şam yeməyindən sonra piyada axşam gəzintisi bağırsaq xərçəngi və diabet riskini azaldır. O, bu fikirlərini almaniyalı alimlərin apardıqları tədqiqatın sonunda əldə edilmiş nəticələrlə əsaslandırıb.

Azmedinfo.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Almaniyanın Regensburq Universitetinin tədqiqatçıları Böyük Britaniyada əldə edilmiş 86 mindən çox insanın fərdi məlumatlarını təhlil edərək müəyyənləşdirmişlər ki, səhər saat 8-də və axşam saat 6 radələrində piyada gəzmək bağırsaq xərçəngi riskini 10 % azaldır.

Piyada gəzmək immunitet sisteminin anti-şiş hüceyrələrini aktivləşdirir

Aparılan araşdırmada fiziki aktivliyin rahatlaşdırıcı xüsusiyyətləri sayəsində stresslə əlaqəli orqanizmdə olan iltihabın azaldığı da ortaya çıxıb.

Tədqiqatın təfərrüatlarında qeyd olunub ki, axşam gəzintiləri, ümumiyyətlə, idman immun sistemindəki şiş əleyhinə hüceyrələri aktivləşdirir və təbii hüceyrə ölümü prosesini gücləndirir.

Yemək yedikdən sonra gəzmək həzmi yaxşılaşdırır, qan şəkərini tənzimləyir, təzyiqi aşağı salır və arıqlamağa kömək edir.

Ürək sağlamlığını yaxşılaşdırmaq üçün aparılan bir araşdırma göstərib ki, hər gün atılan hər 500 addım (təxminən beş dəqiqəlik gəzinti) ürək-damar xəstəliklərindən qaynaqlanan ölüm riskini 7 % azaldır.

Əcnəbi tədqiqatçıların apardığı başqa bir araşdırmanın nəticələrinə görə, 60 yaşdan yuxarı insanların hər gün 10 dəqiqə müddətində sürətli piyada gəzməsi qadınların gözlənilən ömrünü təxminən 11 ay, kişilərin ömrünü isə 17 ay uzadır.