Avropada qrip epidemiyası tüğyan edir

Avropada qrip epidemiyası tüğyan edir. Ən ağır durum Böyük Britaniyada müşahidə olunur. Burada ötən ilin dekabr ayına nisbətən yanvarda qripə yoluxanların sayı 70 faiz artıb.

AZƏRTAC “Arqumentı i faktı” saytına istinadla xəbər verir ki, adətən gələn fəsil üçün qrip epidemiyası öncəki yay fəslində Cənub yarımkürədə xəstəliyin yayılmasına səbəb olan ştamlar əsasında müəyyənləşdirilir.

Müəyyən edilib ki, 2017-ci ilin yayında Avstraliyada və Cənub yarımkürədə yerləşən digər ölkələrdə meydana çıxan qrip epidemiyası 2016-2017-ci illərdə Simal yarımkürədə yerləşən ölkələrdə bu xəstəliyi əmələ gətirən viruslar tərəfindən törədilib. Bu viruslar arasında ən yayğın olanı, KİV-lərdə adı Avstraliya qripi kimi keçən А (H3N2) olub.

Avropada qrip epidemiyası fəslinin başlaması artıq adət halını alıb. Belə ki, bu xəstəliyə tutulma faktı hər il qeydə alınır və 2018-ci il də istisna deyil.

Qrip olduqca yoluxucu xəstəlikdir. A forması daha ağır keçirilən bu xəstəliyə yoluxan şəxs bütün kollektivi də yoluxdura bilər. Adətən xəstəliyin ağır fəsadları özünü həssas risk qrupuna aid insanlar üzərində göstərir. Bunlar azyaşlı uşaqlar, yaşlı insanlar, xroniki xəstəlikləri olanlar və hamilələrdir.

Qripdən qorunmanın əsas yolları şəxsi gigiyena qaydalarına riayət etmək və mümkün qədər ətrafda olanların yoluxmasının qarşısını almaqdır. Bundan əlavə epidemioloqlar xəstəliyin yayılması müşahidə edilən zaman mümkün qədər insanların sıx toplaşdığı yerlərdən uzaq olmağı məsləhət görürlər.

 

AZƏRTAC